İstanbul Prokurorluğu Ekrem İmamoğluna qarşı ittiham irəli sürüb

İstanbul Baş Prokurorluğu həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu barəsində ittihamları açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Prokurorluğun bəyanatına görə, İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri seçildikdən sonra Bəylikdüzü bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə onunla birlikdə çalışan şəxsləri müxtəlif idarə və qurumlara yüksək vəzifələrə təyin edib. Həmin şəxslər təşkilatlanaraq müxtəlif cinayətlər törədiblər.
Belə ki, onlar bələdiyyənin bir sıra strukturlarında saxta tenderlər keçirmək, dələduzluq, şəxsi məlumatları qanunsuz əldə etmək, korrupsiya və hədə-qorxu yolu ilə pul tələb etmək kimi əməllərdə ittiham olunurlar.
Digər bir ittihama əsasən, İmamoğlu müxtəlif sahibkarlara təzyiq göstərərək onlardan pul tələb edib, bəzi iş adamlarına isə qanunsuz yollarla qazanc əldə etməyə və onu leqallaşdırmağa kömək edib.
Qeyd edək ki, İmamoğluya məxsus İmamoğlu İnşaat Ticaret ve Sanayi Anonim Şirketinin bank hesablarına da həbs qoyulub.
Fatimə Məmmədova
15:05 20.03.2025
Oxunuş sayı: 771