“AzerGold”un KSM Komitəsinin üzvləri Göygöldə yerli sakinlərlə görüşüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Göygöl rayonunda növbəti görüşü keçirilib.
Crossmedia.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən görüşdə “AzerGold” QSC-nin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri iştirak ediblər.
Ənənəvi görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı məlumat verilməsi, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.
“AzerGold” QSC-nin KSM Komitəsinin sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək “Tülallar” qızıl mədəninin SSRİ dövründə kəşf edilsə də, geniş tədqiq edilmədiyini, Səhmdar Cəmiyyətinin apardığı geniş tədqiqatlar nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alındığı, 2023-cü ildən istismar işlərinin aparıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədə məşğulluğun artırılması, Göygöl rayonunun əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verib.
X.Fərzəliyev “AzerGold” QSC və podratçı şirkətlər tərəfindən ümumilikdə 204 nəfər Göygöl rayon sakininin işlə təmin edildiyini diqqətə çatdırıb.
Ötən dövr ərzində regionda sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Cari ildə sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafı, maarifləndirmə, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi qeyd olunub.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib, vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və Cəmiyyətin səlahiyyətləri və qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.
16:57 19.03.2025
Oxunuş sayı: 960