Rusiya Kiyevdə strateji körpünü hədəfə alıb
Rusiya ordusunun Kiyevdə Cənub körpüsünə endirdiyi zərbələrin əsas məqsədinin nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırmaq və Ukrayna ordusunun hərbi təchizatını çətinləşdirmək olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “Vzqlyad” nəşri bu barədə hərbi ekspert Yuri Knutovun açıqlamasına istinadən məlumat yayıb.
Ekspertin sözlərinə görə, Cənub körpüsünü tamamilə dağıtmaq çətin olduğundan hərəkətin müvəqqəti dayandırılması daha real hesab olunur.
Knutov bildirib ki, körpüdə nəqliyyatın hətta bir neçə gün məhdudlaşdırılması Dnepr çayı üzərindən hərbi yüklərin və silah istehsalı üçün nəzərdə tutulan komponentlərin daşınmasını çətinləşdirə bilər.
“Cənub körpüsü Kiyevin əsas nəqliyyat magistrallarından biridir. Şəhərin nəqliyyat axınının əhəmiyyətli hissəsi buradan keçir. Körpü paytaxtın sağ və sol sahillərini birləşdirməklə yanaşı, üç mühüm avtomobil magistralına çıxışı təmin edir”, – deyə ekspert vurğulayıb.
Onun fikrincə, körpünün fəaliyyətində yaranan fasilələr Ukrayna Silahlı Qüvvələrinin logistika imkanlarına təsir göstərə bilər.
Qeyd edək ki, oktyabrın 22-nə keçən gecə Kiyev raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Ukrayna paytaxtının hərbi administrasiyası hücumdan sonra Cənub körpüsündə sağ sahildən sol sahilə doğru nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını açıqlayıb. Məhdudiyyət şəhərdə nəqliyyat sıxlığına səbəb olub.
15:42 22.10.2026
Oxunuş sayı: 52