Rusiyanın 17 gəmisi Britaniya sahillərində casusluqda şübhəli bilinir
Rusiyaya məxsus balıqçı gəmilərinin Böyük Britaniyanı Avropa və ABŞ ilə birləşdirən strateji sualtı rabitə kabelləri ətrafında kəşfiyyat fəaliyyəti aparmasından şübhələnilir.
Crossmedia.az xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri apardığı araşdırmanın nəticələrinə əsasən bu barədə məlumat yayıb.
Araşdırma zamanı Rusiyaya məxsus 17 gəminin hərəkətində 500-dən çox şübhəli hal müəyyən edilib. Gəmilərin dəfələrlə sürətlərini azaltdığı, istiqamətlərini dəyişdiyi və sualtı rabitə kabellərinin marşrutları boyunca hərəkət etdiyi aşkarlanıb.
Məlumata görə, bəzi gəmilər mühüm kommunikasiya xətlərinin yerləşdiyi ərazilərdə uzun müddət aşağı sürətlə hərəkət edib.
Britaniya rəsmiləri ehtimal edirlər ki, bu fəaliyyət Rusiyanın gələcəkdə mümkün diversiya əməliyyatları üçün sualtı kabellərin dəqiq yerlərini müəyyənləşdirməsinə xidmət edə bilər.
Nəşr qeyd edir ki, sözügedən kabellər Böyük Britaniyanın Avropa və ABŞ ilə internet və məlumat mübadiləsinin təmin olunmasında mühüm rol oynayır. Onların zədələnməsi rabitə, maliyyə və digər həyati əhəmiyyətli xidmətlərin fəaliyyətinə ciddi təsir göstərə bilər.
NATO da Britaniya ətrafındakı sularda fəaliyyət göstərən və kəşfiyyat məqsədləri üçün istifadə olunduğundan şübhələnilən mülki gəmilərin hərəkətini izləyir.
Bununla belə, gəmilərin şübhəli hərəkətləri onların casusluq və ya diversiya fəaliyyəti həyata keçirdiyini qəti şəkildə sübut etmir.
15:36 22.10.2026
Oxunuş sayı: 65