ABŞ Türkiyə-Liviya razılaşmasını pisləməkdən imtina edib
ABŞ Dövlət Departamenti Liviya parlamentinin Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz sərhədlərinə dair sazişi təsdiqləməsini pisləməyib və tərəfləri fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Yunanıstanın “Kathimerini” nəşri ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton Şərqi Aralıq dənizi regionundakı tərəfdaşlarını dəniz sərhədləri ilə bağlı mübahisələri qarşılıqlı etimada əsaslanan danışıqlar vasitəsilə həll etməyə təşviq edir.
“Yunanıstan və Türkiyə NATO üzrə müttəfiqdir. Biz onları fikir ayrılıqlarını aradan qaldırmaq üçün ikitərəfli dialoqa çağırırıq”, – deyə sözçü vurğulayıb.
ABŞ rəsmisi qeyd edib ki, dəniz sərhədləri ilə bağlı məsələlərin həlli regional sabitliyə, həmçinin kommersiya investisiyalarının və enerji kəşfiyyatı fəaliyyətinin inkişafına şərait yaradacaq.
Xatırladaq ki, oktyabrın 20-də Liviya parlamenti Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyası sazişini təsdiqləyib. Qərar Şərqi Aralıq dənizində dəniz sərhədləri və enerji ehtiyatları ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Yunanıstan razılaşmanın beynəlxalq dəniz hüququna zidd olduğunu iddia edərək qərara etiraz edib. Türkiyə isə sazişin qanuni olduğunu müdafiə edir.
13:49 22.10.2026
Oxunuş sayı: 52