“Qiyamət günü buzlağı”ndan təhlükə siqnalı: 2100-cü ilədək okean səviyyəsi ilə bağlı proqnoz dəyişdi
İqlim dəyişikliyinin ən ciddi nəticələrindən biri qütb bölgələrində buzlaqların sürətlə əriməsi və bunun dünya okeanının səviyyəsinə təsiridir. Antarktidanın qərbində yerləşən Tueytsa buzlağı elmi dairələrdə “Qiyamət günü buzlağı” kimi tanınır. Bunun əsas səbəbi onun böyük həcmdə buz ehtiyatına malik olması və əriməsinin qlobal dəniz səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərə bilməsidir. “Nature Communications” jurnalında dərc olunan yeni araşdırma buzlağın alt qatlarında baş verən proseslərin əvvəlki modellərdə lazımi dəqiqliklə nəzərə alınmadığını göstərir. Tədqiqatın nəticələrinə əsasən, 2100-cü ilədək Tueytsa buzlağının əriməsinin dəniz səviyyəsinə töhfəsi əvvəlki proqnozlardan iki dəfə çox, təxminən 3 santimetr ola bilər. Bu göstərici ilk baxışda kiçik görünsə də, qlobal dəniz səviyyəsinin ümumi yüksəlişi ilə birlikdə sahilyanı ərazilərdə daşqın riskini artıra bilər. Bəs buzlağın əriməsini sürətləndirən proseslər hansılardır və bu dəyişikliklər gələcəkdə dünya üçün hansı təhlükələri yarada bilər?
Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında qlobal istiləşmənin buzlaqların əriməsinə və dünya okeanının səviyyəsinin yüksəlməsinə təsirlərindən danışıb.

Ekspert buzlaqların əriməsinin okean səviyyəsinin dəyişməsində mühüm rol oynadığını qeyd edib: “Antarktida, Qrenlandiya və digər ərazilərdəki buzlaqların əriməsi dünya okeanının səviyyəsinin yüksəlməsinə ciddi təsir göstərir. Bu prosesin miqyasını anlamaq üçün keçmişə nəzər salmaq lazımdır. Təxminən 10-11 min il əvvəl başa çatan son buzlaşma dövründə okeanın səviyyəsi indiki göstəricidən təxminən 120 metr aşağı idi. Buzlaqların sonrakı əriməsi nəticəsində okean səviyyəsi yüksəldi və əvvəllər quru olan ərazilərin bir hissəsi su altında qaldı”.
O, qlobal temperaturun yüksəlməsinin davam etməsinin gələcəkdə daha ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb: “Əgər istiləşmə davam edərsə, Antarktida və Qrenlandiyadakı buz ehtiyatlarının əriməsi okean səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxara bilər. Bu isə sahilyanı ərazilərin geniş miqyasda su altında qalması, bəzi adaların ərazisinin kiçilməsi və hətta kiçik ada dövlətlərinin yaşayış üçün yararsız hala düşməsi ilə nəticələnə bilər. Bu baxımdan, xüsusilə ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə qarşı həssasdır”.
Rövşən Abbasovun sözlərinə görə, qlobal istiləşmənin nəticələri beynəlxalq səviyyədə həm elmi, həm də siyasi müzakirələrin əsas mövzularından biridir: “İqlim dəyişmələri ilə mübarizə məqsədilə Paris Sazişi kimi beynəlxalq mexanizmlər mövcuddur. Bu çərçivədə ölkələr istixana qazlarının emissiyalarını azaltmaq və aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirmək üçün müxtəlif tədbirlər həyata keçirirlər. Azərbaycanın da milli səviyyədə müəyyən edilmiş töhfələri var və həmin sənədlər ölkənin istixana qazlarının azaldılması istiqamətindəki öhdəliklərini əks etdirir”.
Ekspert qlobal iqlim dəyişmələrinin qarşısının alınması üçün bu istiqamətdə görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb: “Bu, çox ciddi problemdir və onun həlli üçün həm beynəlxalq, həm də milli səviyyədə ardıcıl tədbirlər görülməlidir. İstixana qazlarının azaldılması, aşağı karbonlu iqtisadiyyata keçid və iqlim dəyişmələrinin nəticələrinin məhdudlaşdırılması gələcəkdə daha böyük fəsadların qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır”.
Nigar Xəlilli
15:30 22.10.2026
Oxunuş sayı: 59