Qardaşlıq sarsılmadı - bəs məsuliyyət?
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 21 oktyabr 2026-cı ildə baş tutan telefon danışığı iki ölkənin strateji müttəfiqliyinin və qardaşlıq ruhunun möhkəmliyini bir daha təsdiqlədi. Liderlərin uzaqgörən siyasəti nəticəsində qardaş dövlətlər arasında münasibətlərin yenidən öz məcrasına qayıdacağı aydın idi. Liderlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə etdi, qardaşlıq bağlarından güc alaraq əməkdaşlığı daha da yüksəltmək əzmini ifadə etdilər. Ərdoğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü təbrik etdi və İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısına dəvət etdi. Bu danışıq rəsmi səviyyədə münasibətlərin siyasi təməlinin necə möhkəm olduğunu bir daha göstərdi. Azərbaycan və Türkiyə qardaşlığı sınaqdan üzü ağ çıxdı. Lakin bu, son həftələrdə Türkiyədə Azərbaycana qarşı aparılan sistemli kampaniyanın yaratdığı narahatlıqları və açıq qalan suallara cavab vermir.
Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli forması haqqında verdiyi sərəncamdan sonra Türkiyənin media və sosial şəbəkə məkanında Azərbaycanın dövlət quruluşuna, suveren qərarlarına və ali rəhbərliyinə qarşı ittihamlar, təhriflər və hətta təhqiramiz ifadələr dalğası müşahidə olundu. Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu qarşısında aksiyalar təşkil edildi. Bu proses adi siyasi müzakirə və ya fərqli baxışların ifadəsindən çox uzaqdır. Söhbət qardaş ölkənin nüfuzuna, “bir millət, iki dövlət” prinsipinə və strateji müttəfiqliyə yönəlmiş, ictimai rəyi manipulyasiya etməyə hesablanmış fəaliyyətdən gedir. Şübhəsiz ki, bu kampaniya əlaqələndirilmiş xarakter daşıyırdı: hədəfli reklamlar, real və saxta hesablar, koordinasiyalı paylaşımlar.
İki qardaş dövlətin münasibətlərini pozmaq, regionda qarışıqlıq yaratmaq istəyənlər çoxdur. Bu saxta qarayaxma kompaniyası və özlərinə yaraşan murdar ifadələrdə bir daha gördük. Lakin təəssüf doğuran başqa məqam Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın dairələrin və bəzi yüksək vəzifəli şəxslərin bu prosesdə adlarının hallanmasıdır. Prezidentin baş müşaviri Oqtay Saralın və bəzi AKP millət vəkillərinin Azərbaycanın daxili təhsil siyasəti ilə bağlı sərt, göstəriş xarakterli açıqlamaları məsələni siyasi təzyiq müstəvisinə çıxardı. Və belə təsəvvür yarandı ki, bu türkiyəli məmurlar da dövlətlərimiz arasında münasibətləri pozmaq istəyən radikal qüvvələrə qoşulublar. Bəlkə də başqa bir səbəbdən eyni cəbhədə durmağa məcbur olublar. Bu, bərabərhüquqlu müttəfiqlik münasibətlərinə zidd davranışdır. Azərbaycan suveren dövlətdir; daxili və xarici siyasətini öz Konstitusiyasına və milli maraqlarına uyğun müəyyən edir. Heç bir qardaş ölkənin vəzifəli şəxsi digərinin daxili işlərinə müdaxilə etmək səlahiyyətinə malik deyil. “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil, suveren dövlətin mövcudluğunu və qarşılıqlı hörməti nəzərdə tutur.
Bu kampaniyanın arxasında kim dayanır? Koordinasiya necə həyata keçirilib? Maliyyə və informasiya mənbələri haradadır? Mümkün sifarişçilər kimlərdir? Bu suallar cavabsız qalsa biz yenə bu vəziyyətə düşəcəyik. Yenə dövlətlərimiz arasında nifaq salmaq kimi iyrənc əməllər törədənlər meydana çıxa bilər. Ayrı-ayrı siyasi çevrələrin və qrupların iki ölkə arasındakı münasibətləri daxili siyasi mübarizənin və ya ideoloji təzyiqin alətinə çevirmək cəhdləri təhlükəlidir. Belə cəhdlər nəinki Azərbaycan-Türkiyə qardaşlığına, həm də Türk dünyasının bütövlüyünə zərbə vura bilər. Kampaniyanın bəzi elementlərinin ekstremist və radikal dairələrlə əlaqələndirilməsi, diplomatik nümayəndəliklər qarşısındakı aksiyaların xarakteri bu prosesin sadə “ictimai reaksiya” olmadığını göstərir. Bu suallara mütləq cavab verilməlidir. Verilməlidir ki, iki qardaş dövlət arasında münasibətləri pozmağa, regionda qarışıqlıq yaratmağa, suveren dövlətimizin daxili işlərinə qarışmaq həddinə cəhd edənlər bir daha eyni səhvi etməsinlər. Və bu səhv dövlətlər arasındakı münasibətləri pozmaq istəyən bütün radikal qüvvələrə şillə kimi cavab olmalıdır.
Bir digər maraqlı məqam isə diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi, dövlətlərarası münasibətlərə xələl gətirən qanunsuz hərəkətlərin və təhqirlərin qarşısının alınması hər suveren dövlətin beynəlxalq öhdəliyidir. Təkrar aksiyalar, təhqiramiz ifadələrin davam etməsi və informasiya hücumunun genişlənməsi vaxtında siyasi və hüquqi reaksiyanın əhəmiyyətini bir daha sübut etdi. Gecikmiş və ya yetərsiz müdaxilə etimadı sarsıdan faktordur. Biz bunu aydın şəkildə gördük. Qardaşlıq münasibətlərində etimad yalnız yüksək səviyyəli bəyanatlarla deyil, çətin məqamlarda göstərilən konkret mövqe və hərəkətlərlə ölçülür. Qardaşımız olan dövlətdə səfirliyimizin, konsulluğumuzun önündə bizi açıq şəkildə təhqir edirlər. Biz haqlı olaraq daha bir sual verməliyik: Türkiyə o şəxslərə qarşı hansı addımı atacaq? Hansı cəzalandırma mexanizmi həyata keçiriləcək?
Bununla belə, Türkiyə cəmiyyətinin mütləq çoxluğu və bir sıra nüfuzlu siyasi xadimlər bu kampaniyaya qarşı çıxdı. Türkiyənin hakim AK Partiyanın sədr müavini Binəli Yıldırım və Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və Zəfər Partiyası sədri Ümid Özdağ kimi simaların mövqeyi xüsusi qeyd olunmalıdır. Onlar Azərbaycanın suverenliyinə hörmət, daxili işlərə qarışmamaq prinsipini açıq müdafiə etdilər. Bu, göstərir ki, Türkiyədə qardaşlıq münasibətlərinə sadiq olan kifayət qədər güclü qüvvələr var. Sekulyar dairələr, millətçilər və Azərbaycanla dostluğun tərəfdarları da kampaniyaya qarşı çıxaraq münasibətlərin dərinliyini təsdiqlədi. Hətta sosial şəbəkələrdə kompaniyalara qoşulmayan Türkiyə vətəndaşları da məsələnin kimlərinsə tərəfindən şişirdildiyini, məqsədli şəkildə aparıldığını qeyd edirdilər. Çünki məsələ o qədər aydın idi.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və qardaşlığı son hadisələrdən daha da güclü çıxdı. Liderlər arasındakı telefon danışığı bunun ən parlaq sübutudur. Lakin strateji xarakter daşıyan münasibətlər problemlərə göz yummaq üçün əsas ola bilməz. Əksinə, belə münasibətlər qarşılıqlı hörmət, məsuliyyət və etimadın qorunmasını daha da vacib edir. Türkiyə baş verənlərdən nəticə çıxarmalı, kampaniyanın təşkilatçılarını, maliyyə və informasiya mənbələrini, mümkün sifarişçiləri aydınlaşdırmalıdır. Hüquq pozuntuları müəyyən edilərsə, təşkilatçılar və icraçılar qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır. Bu, təkcə Azərbaycanın haqlı narahatlığının aradan qaldırılması üçün deyil, gələcəkdə oxşar halların təkrarlanmaması və iki ölkənin münasibətlərinin siyasi manipulyasiyalardan qorunması üçün də zəruridir.
Azərbaycan-Türkiyə qardaşlığının tarixi əsrlərə dayanır. Əsrlərə dayanan qardaşlığımızın pozulmaması, radikalların aramıza girməməsi üçün daim birgə addımlamalı, “iki dövlət, bir millət” şüarını unutmamalıyıq. Yalnız belə yanaşma etimadı bərpa edə və bu prinsipini gələcək nəsillər üçün daha da möhkəmləndirə bilər.
13:37 22.10.2026
Oxunuş sayı: 46