Peskov: Avropa müharibənin genişlənməsinə təkan verir
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün fəal səylər göstərdiyini, Avropa ölkələrinin isə hərbi qarşıdurmanın davam etməsinə şərait yaratdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyi bu barədə məlumat yayıb.
“ABŞ administrasiyası münaqişənin sülh yolu ilə həllinə kömək etmək üçün çox iş görür. Avropa paytaxtları isə sülh prosesinə heç bir töhfə vermir, əksinə, hərbi əməliyyatların daha da genişlənməsinə təkan vermək üçün çox çalışırlar”, – deyə Kremlin sözçüsü bildirib.
Peskovun sözlərinə görə, bəzi Avropa ölkələrinin Rusiyanın narahatlıqlarını anlamağa çalışması Moskva tərəfindən müsbət tendensiya kimi qiymətləndirilir. Lakin o qeyd edib ki, bu istiqamətdə hələlik konkret irəliləyiş əldə olunmayıb.
Xatırladaq ki, oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqlar keçirilib.
Təxminən üç saat davam edən görüşün əsas mövzusu Ukraynadakı münaqişənin nizamlanması olub. ABŞ nümayəndəsi Moskvaya sülh prosesinə dair yeni təkliflər təqdim edib. Kremlin açıqlamasına görə, həmin təkliflər Putin tərəfindən nəzərdən keçiriləcək.
14:31 22.10.2026
Oxunuş sayı: 52