Azərbaycanlı gənc Oksford Universitetində müəllim oldu
Dövlət Proqramının təqaüdçüsü Nuranə Məmmədova Böyük Britaniyanın nüfuzlu Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.
Crossmedia.az bu barədə Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, hazırda beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura təhsilinin ikinci ilində olan Nuranə Məmmədova təhsilini davam etdirməklə yanaşı, universitetin “Qlobal idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində yer alacaq.
O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə əsas fənlərin tədrisində, həmçinin magistrantların akademik hazırlığında iştirak edəcək.
Nuranə Məmmədova eyni zamanda Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekanı (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin edilməsi, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkili ilə bağlı məsuliyyətləri əhatə edir.
Qeyd edək ki, Nuranə Məmmədova magistratura təhsilini də Dövlət Proqramı çərçivəsində Oksford Universitetində “Diplomatik tədqiqatlar” ixtisası üzrə alıb.
Onun beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsinin gələcəkdə Azərbaycanın elm və təhsil sahəsinə töhfə verməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
15:14 22.10.2026
Oxunuş sayı: 64