VPN təhlükəsizliyi: Sosial şəbəkələrə giriş naminə şəxsi məlumatlarınızı riskə atmayın
TikTok və Instagram kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldıqda VPN xidmətlərindən istifadə istifadəçilər üçün alternativ vasitəyə çevrilir. Lakin VPN-in bağlantını başqa server üzərindən yönləndirməsi onun avtomatik olaraq təhlükəsiz olması demək deyil. Belə xidmətlər internet trafikinin bir hissəsini VPN provayderinin infrastrukturundan keçirir və bu zaman provayderin etibarlılığı, məlumatların necə saxlanılması və hansı təhlükəsizlik mexanizmlərinin tətbiq edilməsi xüsusi əhəmiyyət daşıyır.
ABŞ Federal Ticarət Komissiyası da xəbərdarlıq edir ki, bəzi VPN tətbiqləri məlumatları şifrələməyə, istifadəçi məlumatlarını üçüncü tərəflərlə paylaşmağa və həddindən artıq icazələr tələb etməyə görə məxfilik riski yarada bilər.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Saməddin Qədimov Crossmedia.az-a açıqlamasında bu cür tətbiqlərin cihazlarda saxlanılan məlumatlar və giriş açarları üçün təhlükə mənbəyinə çevrilə biləcəyini bildirib: “Korporativ mühitlər üçün nəzərdə tutulmuş VPN alətlərindən başqa, şəxsi istifadə üçün təklif olunan tətbiqlər mobil cihazlarda saxlanılan məlumatlar, fayllar, giriş və autentifikasiya açarları, eləcə də digər tətbiqlər üçün ciddi təhlükə mənbəyi ola bilər. Bu tətbiqlərin quraşdırılması zamanı kibercinayət məqsədlərinə xidmət edən məlumat oğurlayan və ya faylları şifrələyən zərərli kodlar cihazda işlədilə və onun sahibinə ciddi zərər vura bilər”.
Nigar Xəlilli
20:00 13.10.2026
Oxunuş sayı: 50