Kirayədə qalanların diqqətinə - vergi ödəyəcəksiniz
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir vətəndaş əldə etdiyi gəlirdən, o cümlədən əmlakın kirayəyə verilməsindən qazanılan vəsaitdən dövlət büdcəsinə vergi ödəməlidir. Lakin uzun illərdir ki, yaşayış sahələrinin kirayəsi sektorunda vergidənyayınma halları yüksək səviyyədə qalmaqda davam edir. Dövlətin nəzarət mexanizmlərini gücləndirməsi və vergi yükünü optimallaşdırmaq addımları bu sahədə rəsmiyyətin təmin olunması məqsədi daşıyır.
Mövzu ilə bağlı əmlak üzrə ekspert Elnur Azadov Crossmedia.az-a açıqlama verib.
Ekspert bildirib ki, kirayə mənzil bazarında kölgə iqtisadiyyatının miqyası kifayət qədər böyükdür və vergi dərəcəsinin endirilməsi uzun müddətdir irəli sürülən təkliflər sırasındadır:
"Qanunvericiliyə görə, hər hansı bir mülk sahibi əgər həmin əmlakı kirayə verirsə və bundan qazanc əldə edirsə, mənbədən tutulan vergi ödənilməlidir. Keçmişdə bu məbləğ 14 faiz idi. Mən və bir neçə başqa əmlak üzrə ekspert tərəfindən bu rəqəmin azaldılması ilə bağlı defələrlə təkliflər irəli sürülmüşdü. Səbəb o idi ki, bu sektorda vergidən yayınan şəxslərin sayısı həddindən artıq çoxdur. Demək olar ki, ölkədə mənzilini kirayə verən şəxslərin ən azı 95 faizi vergidən yayınır. Bu böyük kölgə iqtisadiyyatı sektorunu azaltmaq və vətəndaşları leqal müstəviyə cəlb etmək məqsədilə faiz dərəcəsinin azaldılmasını təklif edirdik. Hazırda görürük ki, həmin vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib".
E.Azadov vurğulayıb ki, vergi dərəcəsinin endirilməsi ilə yanaşı, qeydiyyat və nəzarət mexanizmləri də prosesin rəsmiləşdirilməsində mühüm rol oynayır:
"Məqsəd vətəndaşları bu sektora cəlb etməkdir. Eyni zamanda, kirayədə qalan şəxs bilməlidir ki, o, avtomatik olaraq vergi nəzarəti altına keçir. Rəsmi müqavilə olub-olmamasından asılı olmayaraq, əgər vətəndaş yaşayış yerini iki ay və daha çox müddətə dəyişirsə, mütləq olaraq onun qeydiyyat ünvanı da dəyişməlidir. Qeydiyyat ünvanının dəyişməsi tərəflər arasında rəsmiyyət yaradır ki, bu da müqavilənin bağlanmasını vacib şərtə çevirir".
Ekspert sonda qeyd edib ki, hazırda bu sahədə iki tərəfli tənzimləmə və nəzarət mexanizmi icra olunmağa başlayıb:
"Məsələ iki tərəfli qoyulub. Mənzillərdə müvafiq qurumlar tərəfindən yoxlamalar aparılır, kimlərin kirayədə qaldığı və kirayə müqavilələrinin olub-olmadığı araşdırılır. Bir tərəfdən qanunun icrasına çalışılır, digər tərəfdən də vətəndaş səviyyəsində nəzarət mexanizmi real müstəvidə işləməyə başlayıb".
Fatimə Cabbarlı
15:00 13.10.2026
Oxunuş sayı: 182