Dəb bizi idarə edir? Hamıya bənzəmək istəyərkən özümüzü itiririk!
Gündəlik həyatda etdiyimiz seçimlər həqiqətən öz zövqümüzün nəticəsidir, yoxsa populyar mədəniyyət və trendlər bizi yönləndirir? Geyimdən musiqiyə, məkan seçimindən həyat tərzinə qədər bir çox sahədə eyni tendensiyalarla qarşılaşırıq. Xüsusilə sosial şəbəkələrin təsiri ilə müəyyən geyimlər, musiqilər və davranış formaları qısa müddətdə populyarlaşır. İnsanlar bəzən öz istəklərindən çox, başqalarının seçiminə və cəmiyyətin gözləntilərinə uyğun davranmağa çalışırlar. Bəs insanlar bu təsirin nə dərəcədə fərqindədir? Kütlədən fərqlənməkdən çəkinirikmi, yoxsa öz zövqümüzü qorumağa çalışırıq? Populyar mədəniyyət seçimlərimizi nə qədər formalaşdırır və dəbə uyğunlaşmaq istəyi fərdiliyimizin arxa plana keçməsinə səbəb olurmu? Ən əsası, başqalarına bənzəmək istəyi ilə özümüz olmaq arasındakı sərhəd haradan keçir?
Modelyer Şəlalə Maqsudova Crossmedia.az-a açıqlamasında bildirib ki, məşhur olan hər şey gözəldir fikri moda sahəsinə uyğun deyil: "Məşhur olmaq həmişə gözəl olmaq demək deyil. Bir geyimin məşhur olması çox vaxt reklamlardan və sosial mediadan asılıdır. Bəzən keyfiyyətsiz və ya rahat olmayan geyimlər də sırf çox göstərildiyi üçün dəbə düşə bilir. Hər kəsə eyni şey yaraşmır. Bir geyim məşhur ola bilər, amma sizin bədən quruluşunuza, boyunuza və ya tərzinizə uyğun gəlməyə bilər. Gözəllik insana yaraşan şeyi geyinməkdir. Dəb tez dəyişir: Bu gün çox məşhur olan bir geyim bir neçə aydan sonra unudulur. Lakin həqiqətən zövqlü olan geyimlər hər zaman gözəl görünür. Bəli, bu iki seçim arasında çox böyük fərq var".
Modelyer qeyd edib ki, "hamıda var" deyib seçilən geyimi insan özü çox bəyəndiyi üçün yox, sadəcə başqalarından geri qalmamaq və hamı kimi görünmək üçün seçir: "Bu zaman insanın öz fərdi üslubu və xüsusi görünüşü olmur.Öz zövqünə uyğun seçilən geyim: İnsan öz xasiyyətinə, bədəninə və zövqünə uyğun geyim seçəndə ortaya əsl gözəllik və özünəməxsusluq (stil) çıxır. Bu zaman geyim insanı daha özünəinamlı və fərqli göstərir".
Fəridə Yaşarqızı
14:15 12.10.2026
Oxunuş sayı: 57