İordan çayının qərb sahilində fələstinlilərə qarşı yeni hücumlar baş verdi
İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi basqınlar zamanı fələstinlilərə qarşı zorakılıq halları baş verib.
Crossmedia.az xəbər verir ki, Fələstin xəbər agentliyi “WAFA” bu barədə məlumat yayıb.
Fələstinli fəal Məhəmməd Avad bildirib ki, İsrail ordusu Beyt-Ümmərin Aside bölgəsinə basqın edərək Vəlid Sabarinin evində axtarış aparıb və evdəki əşyalara zərər vurub.
Avadın sözlərinə görə, İsrail əsgərləri Vəlidin 65 yaşlı anası Bəhicə İhyili də döyüblər. Bədənində göyərtilər yaranan qadın xəstəxanaya yerləşdirilib. Qadının İsrail əsgərləri tərəfindən itələnərək yerə yıxılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Fələstinli fəal həmçinin İsrail ordusunun bölgədə fələstinlilərin evlərinə gözyaşardıcı qaz bombaları atdığını və bəzi sakinlərin boğulma təhlükəsi ilə üzləşdiyini bildirib.
Digər insidentdə İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərində 13 yaşlı fələstinli uşağı ayağından güllələyib. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, hadisə Cenin şəhərinin əl-Yamun qəsəbəsinə keçirilən basqın zamanı baş verib. Yaralı uşaq xəstəxanaya çatdırılıb.
İsrail əsgərləri Hebron şəhərinin köhnə şəhər hissəsində də bir evə qaz bombası atıb. Hadisə nəticəsində 11 nəfər qazdan zəhərlənərək boğulma təhlükəsi ilə üzləşib.
Bundan başqa, fələstinlilərin torpaqlarını ələ keçirdiyi bildirilən israillilər Hebronun cənubundakı Ümmül-Heyr kəndində fələstinlilərə hücum ediblər. Hücum nəticəsində, o cümlədən bir xarici fəalın olduğu 7 nəfər döyülərək xəsarət alıb.
Hebronun cənubundakı əl-Fevvar qaçqın düşərgəsində isə İsrail əsgərlərinin atdığı səs bombasının bir fələstinlinin üzündən yaralanmasına səbəb olduğu bildirilib.
Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına hücumlara başlamasından sonra işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı saxlanılma, basqın və hücumların da artdığı bildirilir.
04:40 09.10.2026
Oxunuş sayı: 99