2 yaşlı uşağın mədəsindən 250 maqnit çıxarıldı
Moskvadakı Morozov Uşaq Şəhər Klinik Xəstəxanasının həkimləri bir dəfəyə 250 maqnit kürəcik udan 2 yaşlı qızı xilas ediblər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinandən xəbər verir.
Valideynləri uşağı güclü öskürək şikayəti ilə xəstəxanaya gətirib. Müayinə zamanı həkimlər qızın mədəsində çoxsaylı yad cisimlərin toplandığını müəyyən ediblər. Sonradan uşağın maqnit kürəcikləri udduğu məlum olub.
Həkimlər əvvəlcə kiçik kəsiklərdən daxil edilən kamera vasitəsilə bağırsaqları müayinə ediblər. Bağırsağın zədələnmədiyinə əmin olduqdan sonra xüsusi endoskopik alətlərdən istifadə etməklə qida borusu vasitəsilə mədədən bütün 250 maqniti çıxarıblar.
Hazırda azyaşlı xəstənin vəziyyəti yaxşıdır və onun xəstəxanadan evə buraxılmasına hazırlıq görülür.
Qeyd edək ki, bu, uşaqların maqnit udması ilə bağlı son günlərdə Rusiyada qeydə alınan ilk hadisə deyil. Daha əvvəl Uralda bir uşaq yuxuda olarkən boyun xaçı udaraq xəstəxanaya yerləşdirilmişdi. Yad cisim endoskop vasitəsilə çıxarılıb və uşaq ertəsi gün evə buraxılıb.
Bundan əvvəl isə Voloqda vilayətində həkimlər 18 maqnit kürəcik udan 2 yaşlı qızı xilas etmişdilər.
11:11 08.10.2026
Oxunuş sayı: 214