Nikahdan əvvəl müayinə: Bir neçə analiz gələcək uşağın sağlamlığını müəyyən edə bilər
Nikahdan əvvəl tibbi müayinənin məqsədi yalnız sağlamlıq haqqında arayış almaq deyil. İnsan bəzi xəstəlikləri və ya irsi xəstəliklər üzrə daşıyıcılığını illərlə bilmədən yaşaya bilər. Xüsusilə talassemiya kimi irsi qan xəstəlikləri ailə planlaşdırılması zamanı əvvəlcədən nəzərə alınmalı risklər sırasındadır. Talassemiya daşıyıcısı olan şəxslər, bir qayda olaraq, xəstəliyin ağır formasından əziyyət çəkmirlər və daşıyıcılıq avtomatik olaraq ailə qurmağa maneə yaratmır. Lakin hər iki tərəfin daşıyıcı olduğu halda gələcək övlad üçün risk yarana bilər. Buna görə nikahöncəsi müayinənin nəticələrinin vaxtında bilinməsi və zərurət olduqda həkim-genetik məsləhətinin alınması mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən həkim-terapevt Məlahət Hümmətqızı bildirib ki, nikahdan əvvəl tibbi müayinə gələcəkdə yarana biləcək ciddi problemlərin əvvəlcədən müəyyənləşdirilməsi baxımından vacibdir.
Həkim qeyd edib ki, gənclər bir-birini sevir və ailə qurmaq istəyirlər, lakin bəzən insan özündə olan xəstəlikdən və ya daşıyıcılıqdan xəbərsiz olur: "Buna görə nikahdan əvvəl aparılan müayinələrin əsas məqsədlərindən biri gələcəkdə yarana biləcək ciddi problemləri əvvəlcədən müəyyən etməkdir. Xüsusilə qan xəstəlikləri içərisində talassemiyaya diqqət etmək lazımdır. Talassemiya irsi xəstəlikdir. İnsan özü daşıyıcı ola bilər və bunu bilməyə bilər. İki talassemiya daşıyıcısı ailə quranda isə onların gələcək uşağında xəstəliyin ağır formasının yaranma riski olur. Belə uşaqlar ağır qanazlığından əziyyət çəkə, sağlamlıqlarında daim problemlər yarana və mütəmadi qan köçürülməsinə ehtiyac duya bilərlər. İki daşıyıcının övladında xəstəliyin yaranma riski 25 faizdir".
Həkim qeyd edib ki, talassemiya daşıyıcısı olmaq xəstə olmaq demək deyil və belə şəxslərin ailə qurmasına avtomatik qadağa qoyulmur: "Əsas məsələ hər iki tərəfin öz nəticəsini bilməsi və lazım gəldikdə həkim-genetik məsləhəti almasıdır. Hemofiliya kimi digər irsi qan xəstəlikləri də ailə qurarkən nəzərə alınmalıdır. Bunlar nəsildən-nəslə keçə bilən xəstəliklərdir və ailə planlaşdırılması zamanı risklər əvvəlcədən izah olunmalıdır. Azərbaycanda da hemofiliya və talassemiya irsi qan xəstəlikləri kimi ayrıca dövlət proqramları çərçivəsində diqqətdə saxlanılır".
Məlahət Hümmətqızının sözlərinə görə, gənclər bir-birini sevirlərsə, tibbi müayinənin nəticəsini gizlətmək yox, əksinə, vaxtında bilmək daha doğrudur. Burada məqsəd onların sevgisinə qiymət vermək deyil, gələcəkdə dünyaya gələcək uşağın sağlamlığı ilə bağlı riskləri əvvəlcədən müəyyənləşdirməkdir.
Həkim qeyd edib ki, tibbi məxfilik də qorunmalıdır. Həkim bir şəxsin analiz nəticəsini onun icazəsi olmadan digər tərəfə deyə bilməz. Qanunvericilikdə də nikahöncəsi tibbi müayinənin nəticələrinin həkim sirri olduğu göstərilir. Eyni zamanda, müayinə olunan şəxsin öz nəticəsini bilməsi və gələcək həyat yoldaşını ciddi risk barədə məlumatlandırması vacibdir.
Ona görə gənclər nikahdan əvvəl müayinəyə formal arayış kimi baxmamalıdırlar. Bir neçə analiz gələcəkdə həm ailənin, həm də uşağın sağlamlığı üçün böyük əhəmiyyət daşıya bilər.
Zeynəb Həsən
16:45 07.10.2026
Oxunuş sayı: 201