Payız fəsli bu il çox yağışlı keçəcək, çətirsiz çölə çıxmaq olmayacaq
Yay mövsümünün başa çatması ilə Azərbaycanda hava şəraitində də mövsümə uyğun dəyişikliklər müşahidə olunur. Sentyabrın uzun müddət isti və quraq keçməsindən sonra yağıntılı günlərin artması temperaturun tədricən aşağı düşməsi ilə müşayiət olunur. Bu dəyişiklik bir tərəfdən yaydan payıza keçidin təbii göstəricisi olduğu halda, digər tərəfdən uzunmüddətli quraqlıqdan sonra torpaq və su ehtiyatları baxımından da əhəmiyyət daşıyır. Payız aylarında hava şəraitinin sabit qalması mümkün deyil. Bir neçə gün davam edən yağışlı hava qısa müddətli açılmalarla əvəzlənə, ardınca isə yenidən temperaturun yüksəlməsi və ya yağıntıların artması müşahidə oluna bilər. Xüsusilə sentyabrın isti və quraq keçməsindən sonra yağıntıların bərpası mövsümi hava dövranının dəyişməsi ilə əlaqələndirilir. Bəs qarşıdakı payız aylarında havaların daha da soyuması və ciddi hava hadisələrinin baş verməsi gözlənilirmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, hazırkı hava şəraiti payız mövsümü üçün xarakterikdir və ciddi kataklizmlərin baş verməsi gözlənilmir.

Ekoloq hesab edir ki, havaların sərinləşməsi və yağıntıların artması qeyri-adi hal deyil, əksinə, yay mövsümünün başa çatmasından sonra gözlənilən təbii prosesdir: “Bu, normal hava şəraitidir, yəni payıza xas olan bir havadır. Artıq havaların isti keçməsi bitib, yay mövsümü başa çatıb. Sentyabr ayında kifayət qədər isti keçdi və uzunmüddətli quraqlıq oldu. Ondan sonra bu cür yağışların yağması gözlənilən idi. Yağıntıların başlaması mövsümi hava dəyişikliklərinin tərkib hissəsidir. Uzun müddət davam edən quraqlıqdan sonra atmosfer proseslərinin dəyişməsi ilə yağışlı günlərin artması təbii hal hesab olunur. Ona görə də hazırkı hava şəraitini qeyri-adi və təhlükəli proses deyil".
Düşünürəm ki, bu, ənənəvi payız aylarından biri kimi keçəcək: "Payızda havaların gah yağışlı, gah da nisbətən quraq keçməsi mümkündür. Eyni zamanda temperaturun da tədricən aşağı düşməsi mövsümün xarakterik xüsusiyyətlərindən biridir. Yəni qarşıdakı dövrdə hava şəraitinin dəyişkən olması gözləniləndir və bu, payız mövsümünün öz xüsusiyyətlərindən irəli gəlir”.
Ekoloq qeyd edib ki, hazırkı mərhələdə kəskin hava dəyişiklikləri və ciddi kataklizmlər üçün əsas görmür:
“Ciddi kataklizmlər gözlənilmir, çünki soyuq siklonların hərəkəti adətən dekabr ayından sonra başlayır. İndiki halda hava şəraitində elə bir ciddi dəyişiklik gözlənilmir. Bu şəkildə payız ayı yağışlı və bəzən quraqlıq formasında davam edəcək. Təbii ki, ayrı-ayrı günlərdə yağıntının miqdarı arta, bəzi ərazilərdə isə hava daha çox quru keçə bilər. Lakin ümumi mənzərə baxımından payızın dəyişkən hava şəraiti ilə yadda qalması daha realdır. Hazırkı yağıntıları da məhz mövsümə uyğun hava dəyişiklikləri çərçivəsində qiymətləndirmək lazımdır”.
Zeynəb Həsən
15:55 06.10.2026
Oxunuş sayı: 57