Meloni səsinin klonlanmasına qarşı hərəkətə keçdi
İtaliyanın Baş naziri Giorgia Meloni süni intellektlə səsinin klonlanaraq saxta məzmunlarda istifadəsinin qarşısını almaq məqsədilə səsini səs markası kimi qeydiyyata aldırmaq üçün müraciət edib.
Crossmedia.az xəbər verir ki, “EUIPO” bu barədə məlumat yayıb.
Meloni Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) təqdim etdiyi müraciətdə cəmi 4 saniyəlik səs yazısından istifadə edib.
Qeyd olunur ki, səs yazısında Meloni italyanca “Io sono Giorgia Meloni” (“Mən Giorgia Meloniyəm”) ifadəsini iki dəfə səsləndirib. Müraciət oktyabrın 5-də təqdim olunub və hazırda EUIPO-nun reyestrində baxılma mərhələsindədir.
Müraciətin əqli mülkiyyət sahəsində fəaliyyət göstərən şirkət və hüquq bürosu vasitəsilə verildiyi, üç xidmət sinfini əhatə etdiyi bildirilir. Bunlara yüklənə bilən multimedia məzmunları, mədəni fəaliyyətlər və siyasi tədbirlərin təşkili daxildir.
Müraciətin əsas səbəblərindən biri süni intellekt texnologiyalarının yaratdığı “deepfake” təhlükəsidir. Müasir süni intellekt alətləri qısa səs nümunələrindən istifadə etməklə şəxsin səsinə çox bənzəyən yeni nitq yarada bilir.
Meloninin bu addımı onun səsinin texniki üsullarla kopyalanmasının qarşısını birbaşa almayacaq. Lakin qeydiyyat təsdiqlənərsə, səsin müəyyən edilmiş sahələrdə icazəsiz və ya aldadıcı formada istifadəsinə qarşı hüquqi mübarizədə əlavə əsas yarada bilər.
Mütəxəssislər hesab edirlər ki, səs markası saxta məzmunların rəqəmsal platformalardan silinməsi prosesində də hüquqi vasitələrdən biri kimi istifadə oluna bilər.
14:07 06.10.2026
Oxunuş sayı: 52