Fransada məktəb etirazları zamanı ağır hadisə baş verdi
Fransanın Lens şəhərində məktəb yaxınlığında polis və nümayişçilər arasında baş verən qarşıdurma zamanı 15 yaşlı yeniyetmənin əli partlayış nəticəsində qopub.
Crossmedia.az xəbər verir ki, bu barədə Pas-de-Kale departamentinin prefekti Fransua-Ksavyer Loş məlumat verib.
Onun sözlərinə görə, hadisə bazar ertəsi səhər saatlarında baş verib. Prefekt yeniyetmənin həyatının təhlükədə olmadığını və onun qısa müddətdə yaxınlıqdakı xəstəxanaya çatdırıldığını bildirib.
Hadisə Fransada məktəb binalarının vəziyyəti və işçi çatışmazlığına etirazların davam etdiyi bir vaxtda baş verib. Bazar ertəsi ölkə üzrə təxminən 500 məktəb etirazlar səbəbindən qismən və ya tamamilə bağlanıb. Son günlər nümayişlər zamanı polislə qarşıdurmalar da yaşanıb.
Yeniyetmənin xəsarəti necə aldığı ilə bağlı Fransanın yerli mediasında fərqli məlumatlar yayılıb. “AFP” polis həmkarlar ittifaqındakı mənbəyə istinadən onun asayiş keşikçilərinin atdığı səs-küy qumbarasını götürdüyünü və qumbaranın əlində partladığını yazıb.
Lakin “La Voix du Nord” nəşri hadisənin yaxınlığında olduğunu bildirən bir qızın sözlərinə istinadən yeniyetmənin qumbaranı götürmədiyini yazıb. Şahid qız onun qumbaraya toxunmadığını və hadisəni gördüyünü bildirib.
20:36 05.10.2026
Oxunuş sayı: 52