Azərbaycanın xarici siyasətində yeni mərhələ: Geosiyasi manevr imkanları artır
Azərbaycanın xarici siyasətində yeni geosiyasi reallıqlar fonunda daha fəal və çoxistiqamətli xəttin formalaşdırılması son günlərdə əsas müzakirə mövzularından birinə çevrilib. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra ilk dəfə qurultay keçirildiyini bildirib. Dövlət başçısı çıxışında son illərdə yaranmış yeni regional reallıqlara, Azərbaycanın beynəlxalq mövqeyinə, təhlükəsizlik məsələlərinə və ölkənin xarici siyasətinin gələcək istiqamətlərinə geniş yer ayırıb. Qurultayda Azərbaycanın beynəlxalq münasibətlərdə artan roluna da xüsusi diqqət çəkilib. Prezident İlham Əliyev Azərbaycanın müxtəlif qütblərlə əlaqələr saxladığını, Çin və ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu, Avropa İttifaqının bir sıra üzv ölkələri ilə strateji tərəfdaşlıq formatlarının mövcud olduğunu bildirib. O, Azərbaycanın heç bir geosiyasi düşərgəyə qoşulmadığını və bundan sonra da xarici siyasətin daha fəal xarakter daşımalı olduğunu vurğulayıb. Çıxışda Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşləri formatına tamhüquqlu üzv kimi qəbul edilməsi, beynəlxalq təşkilatlarda fəaliyyəti və ölkənin müxtəlif tərəflərlə dialoq imkanları da diqqətə çatdırılıb.
Mövzu ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın son illərdə yürütdüyü müstəqil və milli maraqlara əsaslanan xarici siyasət ölkəyə beynəlxalq münasibətlər sistemində mühüm üstünlüklər qazandırıb:
"Müstəqil xarici siyasət yürütmək yalnız hər hansı təsir mərkəzindən asılı olmamaq deyil, eyni zamanda dövlətin öz maraqlarına uyğun qərarlar qəbul etməsi, müxtəlif geosiyasi qütblərlə balanslı münasibətlər qurması və beynəlxalq proseslərdə fəal iştirak etməsi deməkdir. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşıması və ölkənin heç bir geosiyasi düşərgənin tərkib hissəsinə çevrilməməsidir. Azərbaycan müxtəlif qütblərlə münasibətlərini bir-birinə qarşı qoymadan inkişaf etdirir. Bu yanaşma ölkəyə həm beynəlxalq münasibətlər sistemində strateji manevr imkanları yaradır, həm də milli maraqların daha effektiv müdafiəsinə şərait formalaşdırır. Müstəqil xarici siyasətin mühüm nəticələrindən biri də belə siyasət yürüdən ölkə ilə beynəlxalq münasibətlərdə hesablaşılması, onun mövqeyinə diqqət yetirilməsi və proseslərə təsir imkanlarının qəbul edilməsidir. Azərbaycanın Çin və ABŞ kimi dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətləri qurması bunun əyani nümunəsidir. Eyni zamanda, Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə əlaqələri də öz məzmununa və xarakterinə görə fərqlənir. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyin razılaşdırılması, Çinlə hərtərəfli strateji tərəfdaşlıq, ABŞ-la Strateji Xartiya çərçivəsində əlaqələrin genişləndirilməsi göstərir ki, ölkə müxtəlif istiqamətlər üzrə xarici siyasətini şaxələndirib. Burada əsas məsələ ayrı-ayrı tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir. Azərbaycan hər bir istiqamətdə öz milli maraqlarından çıxış edir".
R.Nəbiyev qeyd edib ki, müstəqil xarici siyasətin Azərbaycana qazandırdığı digər mühüm üstünlük ölkənin ziddiyyət və qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsidir:
"Bu cür funksiyanı yerinə yetirmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün dövlətin beynəlxalq tərəfdaşları arasında yüksək etimad və etibara malik olması vacibdir. Azərbaycan müxtəlif mövqelərdə dayanan, hətta bir-biri ilə ziddiyyət və qarşıdurma yaşayan tərəflərin təmas qura bildiyi məkana çevrilib. Bu, təsadüfi deyil. Azərbaycanın bütün tərəflərlə münasibətlərində ardıcıl və praqmatik mövqe nümayiş etdirməsi ölkəyə qarşı etimadı artırıb. Tərəflər bilir ki, Azərbaycan öz milli maraqlarından çıxış edir, praqmatik və balanslaşdırılmış siyasət yürüdür, kiminsə digərinə qarşı istifadə etdiyi platformaya çevrilmək niyyətində deyil. Bu isə ölkənin dialoq qurmaq və uzlaşdırıcı imkanlarını genişləndirir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bundan sonra daha fəal xarici siyasət yürütməsinin vacibliyini vurğulaması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Azərbaycan artıq yalnız mövcud proseslərə reaksiya verən ölkə kimi çıxış etmir. Ölkə təşəbbüslər irəli sürür, yeni əməkdaşlıq formatlarının formalaşmasında iştirak edir və müxtəlif platformalarda gündəliyin müəyyənləşməsinə töhfə verir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığı və D-8-ə üzvlüyü xarici siyasət coğrafiyasının genişləndiyini göstərən əsas nümunələrdəndir. Bu baxımdan Azərbaycanın qarşıdakı dövrdə xarici siyasətdə daha fəal olması ölkənin artan iqtisadi, siyasi və hərbi imkanları ilə də uzlaşır".
Zeynəb Həsən
12:40 05.10.2026
Oxunuş sayı: 97