Estoniya Rusiya sərhədində aktiv müdafiə strategiyasına keçir
Estoniya Rusiya sərhədinə yaxın ərazilərə qoşunlarını daimi əsaslarla yerləşdirir və uzaqmənzilli zərbələr endirməyə imkan verən silahlar alır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Qəzetin məlumatına görə, Estoniya Silahlı Qüvvələri və kəşfiyyatı Rusiyanın yaxın iki il ərzində NATO ilə genişmiqyaslı müharibəyə başlamağa çalışdığını düşünmür. Bununla belə, Estoniya tərəfi Rusiyanın gələcəkdə Baltikyanı ölkə ilə mümkün münaqişəyə hazırlaşa biləcəyini ehtimal edir.
“Financial Times” yazır ki, Estoniyada Kremlin əlverişli məqamdan istifadə edərək məhdudmiqyaslı müdaxiləyə əl ata və bununla NATO-nun kollektiv müdafiə prinsipinin effektivliyini yoxlaya biləcəyindən də narahatlıq var.
Nəşrin məlumatına əsasən, Estoniya hərbçiləri və kəşfiyyat nümayəndələri belə bir ssenari zamanı nə ölkənin özünün, nə də NATO-nun hazırda kifayət qədər etibarlı çəkindirmə imkanlarına malik olduğunu bildirirlər. Bu səbəbdən Estoniya aktiv müdafiə strategiyasına keçib.
Estoniya Müdafiə Qüvvələrinin 1-ci briqadasının komandiri polkovnik Tarmo Kundla bildirib ki, müdafiə sərhəddən başlamalı və ilk döyüşlərdə üstünlük əldə edilməlidir.
Yeni strategiya çərçivəsində Estoniya ordusunun əsas döyüş birləşmələrindən olan 1-ci briqadanın Tapa şəhərindən Rusiya sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Yıhvi şəhərinə daimi köçürülməsi nəzərdə tutulur.
Estoniya hərbi kəşfiyyatının yüksək vəzifəli nümayəndəsi isə “Financial Times”a bildirib ki, çəkindirmə mexanizmi hazırda kifayət qədər effektiv deyil və Baltikyanı ölkələr üçün qarşıdakı bir-dörd ilin mühüm dövr olacağı qənaətindədir.
Qeyd olunur ki, Estoniya hökuməti may ayında ölkənin milli təhlükəsizlik konsepsiyasına aktiv müdafiə terminini daxil edib.
Bundan başqa, Estoniyanın əsas hərbi bazası olan Tapadan elit bölmələrin ölkənin şərqindəki mövqelərə daimi əsaslarla köçürüldüyü bildirilir.
Nəşrin məlumatına görə, Yıhvidə yeni hərbi bazanın yaradılması ilə yanaşı, Rusiya sərhədində yerləşən Narva şəhərində də böhran vəziyyətində 1 000-ə qədər hərbçinin yerləşdirilə biləcəyi obyekt tikilir.
11:19 05.10.2026
Oxunuş sayı: 48