ABŞ təyyarəsi Kalininqrad yaxınlığında görünüb
ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti sərhədinin yaxınlığında müşahidə edilib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, “Bombardier ARTEMIS II” təyyarəsi üç saat ərzində Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirib. Təyyarə Rumıniyadakı bazadan havaya qalxıb və Moskva vaxtı ilə saat 10:40 radələrində Polşanın Avqustov şəhəri yaxınlığında istiqamətini dəyişib. Bundan sonra təyyarə Kalininqrad vilayətinin sərhədləri boyunca uçuşunu davam etdirib.
“RİA Novosti”nin məlumatına görə, “Bombardier” şirkətinin biznes-jeti “Leidos” şirkəti tərəfindən kəşfiyyat təyyarəsinə çevrilib və “ARTEMIS II” adlandırılıb.
Təyyarənin radiotexniki kəşfiyyat aparmaq üçün istifadə edildiyi bildirilir. Həmçinin onun Kalininqrad vilayətinin sərhədləri yaxınlığında və Qara dəniz üzərində mütəmadi uçuşlar həyata keçirdiyi qeyd olunur.
15:27 27.09.2026
Oxunuş sayı: 39