Bir zəngin səsində qalan sevgi: “Paris Notr-Dam” səhnədə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dam”a baxarkən bir neçə dəfə özümü səhnədən gözümü çəkə bilməyəcək halda hiss etdim. Bəzən tamaşaya baxırsan, hadisələri izləyirsən, amma bir an gəlir, artıq sadəcə izləmirsən, yaşayırsan. Mənim üçün bu tamaşada elə anlar çox oldu. Xüsusilə Esmiralda ilə Kvazimodonun səhnələri...
Esmiraldanın Kvazimodoya su verdiyi an hələ də gözümün qarşısındadır. Bu, kənardan çox sadə görünən bir hərəkətdir. Amma səhnədə o qədər böyük hissə çevrilir ki, düşünürsən, insan bəzən başqa birinin həyatına toxunmaq üçün nə qədər az şey edir. Bir qurtum su... Sadəcə bir qurtum. Amma Kvazimodo üçün o su sanki ona ilk dəfə “sən də insansan” deyən bir mərhəmət idi. Mən həmin səhnədə Kvazimodonun baxışına daha çox ilişib qaldım. Çünki orada su içən bir insan yox, ilk dəfə mərhəmət görən bir ürək var idi.
Esmiraldanın Febi üçün etdiyi seçim də məni düşündürdü. Onu asmasınlar deyə Febi ilə evlənməsi... Bir qadının öz hisslərini bir kənara qoyub başqa bir insanın həyatını xilas etməsi səhnədə çox ağır duyulur. Çünki Esmiralda özünü düşünə bilərdi. Amma düşünmür. Bəlkə də onun gözəlliyi yalnız görünüşündə deyil, məhz bu seçimlərindədir.
Klod Frollonun Esmiraldaya olan sevgisini etiraf etməsi isə tamaşada mənim üçün gözlənilməz məqamlardan biri oldu. Çünki əvvəlcə Frollonu daha çox sərt, azadlığa və kitaba qarşı çıxan, hisslərini gizlədən bir insan kimi görürük. Sonra bir anda onun içində illərlə gizlətdiyi eşq üzə çıxır. Və etiraf etdiyi anda Frollona başqa gözlə baxmağa başlayırsan. Sərtliyin arxasında gizlənən bir sevgi var imiş. Amma bu sevginin özü də çox ağrılıdır. Çünki insanın içində böyütdüyü hiss bəzən onu xoşbəxt etmir, əksinə, daha da çıxılmaz vəziyyətə salır.
Sonra Kvazimodo və Frollonun ölümü gəlir...
Və məncə, tamaşanın bütün ağırlığı həmin andan sonra hiss olunur.
Esmiralda Kvazimodo üçün kilsənin zənglərini son dəfə çalır.
Bu səhnə məni həqiqətən tutdu. Çünki Kvazimodo ilə zənglərin arasında bütün tamaşa boyu xüsusi bir bağ qurulur. O zənglər onun dünyasıdır. Onun səsi, onun həyatı, onun sığındığı yer...
Amma finalda həmin zəngləri Kvazimodo özü çalmır.
Esmiralda onun üçün çalır.
Bunu izləyərkən içimdən keçdi ki, bəzən insanın həyatında ən böyük sevgi onunla birlikdə yaşadığın deyil, onun yoxluğunda etdiyin bir hərəkət olur. Esmiraldanın Kvazimodo üçün çaldığı o son zəng mənə vida kimi gəldi. Amma adi vida yox. Gecikmiş bir anlayışın, qarşılıqsız bir sevginin, insanın içində qalan sözlərin vidası...
Tamaşadan çıxanda bütün səhnələr yox, məhz bunlar mənimlə gəldi. Bir qurtum su. Bir qadının başqası üçün verdiyi ağır qərar. Frollonun gecikmiş etirafı. Və sonuncu zəng...
Düşündüm ki, “Paris Notr-Dam” əslində yalnız sevgi haqqında deyilmiş. İnsan haqqında imiş. İnsanların bir-birini nə qədər gec anlaya bildiyi, görünüşə görə necə asanlıqla hökm verdiyi, bəzən sevdiyi insana yaxınlaşa bilmədiyi və ən vacib sözləri çox gec dediyi haqqında...
Bəlkə də ona görə tamaşanın sonunda zənglərin səsi bitəndə mənim üçün tamaşa da bitmədi.
Çünki bəzi səhnələr pərdə bağlanandan sonra da insanı buraxmır.
Nigar Xəlilli
13:00 25.09.2026
Oxunuş sayı: 50