Xərçəng riskini artıran fast foodlar hansılardır - həkimdən açıqlama
Fast foodun müntəzəm və yüksək miqdarda istehlakı piylənmə, ürək-damar və digər xroniki xəstəliklər üçün risk yarada bilər. Xüsusilə tərkibində işlənmiş ət olan məhsullarla bağlı elmi sübutlar daha ciddi narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, işlənmiş ət kolorektal xərçəngə səbəb olan amillər sırasında qiymətləndirilir və gündəlik 50 qram istehlak bu xərçəng növünün riskini təxminən 18 faiz artırır.
Terapevt Pənah Pənahov Crossmedia.az-a açıqlamasında fast food-un tez-tez qəbul edilməsinin sağlamlıq üçün arzuolunmaz olduğunu bildirib: “Birbaşa ‘fast food xərçəng yaradır’ demək düzgün olmaz. Amma bu cür qidalanma uzun müddət davam etdikdə bəzi xəstəliklərin və müəyyən xərçəng növlərinin riskini artıra bilər. Fast food adətən çox kalorili, yağlı və duzlu olur. Tez-tez qəbul edildikdə artıq çəkiyə və piylənməyə səbəb ola bilər. Piylənmə isə bir sıra xərçəng növləri üçün risk faktorudur”.
Terapevtin sözlərinə görə, emal olunmuş ət məhsullarının həddindən artıq istifadəsi də sağlamlıq baxımından risk yarada bilər: “Kolbasa, sosiska kimi emal olunmuş ət məhsullarının çox istifadəsi xüsusilə bağırsaq xərçəngi riskinin artması ilə əlaqələndirilir. Bundan başqa, fast food yeyən insanların rasionunda tərəvəz, meyvə və lifli qidalar çox vaxt az olur. Bu da ümumi qidalanmanın keyfiyyətini aşağı salır və ürək-damar xəstəlikləri, 2-ci tip diabet və qaraciyər piylənməsi kimi problemlərin riskini artıra bilər”.
Pənah Pənahov qeyd edib ki, əsas problem fast food-un ara-sıra deyil, mütəmadi və həddindən artıq qəbul edilməsidir: “Arada bir fast food yemək ciddi problem deyil. Əsas məsələ onun hər gün və ya çox tez-tez yeyilməsidir. Sağlam qidalanmaq üçün fast food-u məhdudlaşdırmaq, daha çox tərəvəz, meyvə, lifli qidalar qəbul etmək və fiziki aktiv olmaq kifayətdir”.
Nigar Xəlilli
18:30 12.09.2026
Oxunuş sayı: 46