Bir gün telefonsuz qalmaq hansı psixi pozuntulara yol aça bilər?
Telefon və internet gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi üçün onların cəmi bir gün əlçatmaz olması belə ünsiyyətdən iş və təhsilə, onlayn xidmətlərdən ödənişlərə qədər bir çox sahədə ciddi dəyişikliklər yarada bilər. İnternetin kəsilməsi xüsusilə onlayn xidmətlərdən və rəqəmsal kommunikasiya vasitələrindən asılı olan bizneslər üçün məhsuldarlıq və maliyyə itkisinə səbəb ola bilər. Digər tərəfdən, telefondan və mobil internetdən uzaq qalmaq yalnız mənfi nəticələrlə məhdudlaşmır. Araşdırmalar göstərir ki, mobil internetə çıxışın məhdudlaşdırılması diqqətin davamlılığını, yuxunu, özünənəzarəti və sosial əlaqələri yaxşılaşdıra bilər. Bəs 1 gün insan bütün texniki cihazlardan, internetdən, telefondan uzaq qalsa nə olar? Hansı psixi pozğunluqla üzləşə bilər?
Psixoloq Aynur İskəndərova Crossmedia.az-a açıqlamasında bir gün ərzində telefon və internetdən uzaq qalmağın xüsusilə texnologiyadan intensiv istifadə edən insanlarda müəyyən psixoloji reaksiyalar yarada biləcəyini bildirib: “Bir gün telefonsuz qalmaq öz-özlüyündə psixoloji pozuntu yaratmır. Əksinə, insanın texnologiyadan nə dərəcədə asılı vəziyyətə gəldiyini müşahidə etmək üçün maraqlı bir göstərici ola bilər. İlk mərhələdə insanda narahatlıq, səbirsizlik, diqqətin dağılması və ‘nəsə baş verir, amma mən xəbərsiz qalıram’ hissi yarana bilər”.
Psixoloqun sözlərinə görə, telefondan uzaq qalmaq bəzi hallarda müsbət təsir də göstərə bilər: “Daimi bildirişlər, mesajlar və sosial media yenilənmələri beynin diqqətini tez-tez bir fəaliyyətdən digərinə yönəldir. Qısa müddətli rəqəmsal fasilə zamanı insan gündəlik fəaliyyətə, ətrafındakı insanlara və öz düşüncələrinə daha çox diqqət ayıra bilər. Hətta bəzi insanlar ilk saatlarda darıxdıqlarını hiss etsələr də, sonrakı mərhələdə daha sakit və rahat olduqlarını müşahidə edə bilərlər”.
Aynur İskəndərova qeyd edib ki, telefonsuz qalmaq insanın öz davranış və emosiyalarını müşahidə etməsinə də imkan yaradır: “Əgər insan telefon yanında olmadığı üçün ciddi narahatlıq keçirir, daim onu axtarmaq istəyir, gündəlik fəaliyyətini davam etdirməkdə çətinlik çəkir və telefonun olmamasını dözülməz hesab edirsə, bu, texnologiyadan istifadənin artıq sadəcə rahatlıq deyil, emosional tənzimləmə vasitəsinə çevrildiyini göstərə bilər. Çünki bəzən insanlar telefon və internetdən yalnız informasiya və ünsiyyət üçün deyil, darıxanda, narahat olanda, tək qalanda və ya mənfi emosiyalar yaşadıqda həmin hisslərdən yayınmaq üçün də istifadə edirlər. Bu səbəbdən telefonsuz və internetsiz bir günü yalnız texnologiyadan məhrum qalmaq kimi deyil, psixoloji olaraq özümüzə ayırdığımız fasilə kimi də qiymətləndirmək olar”.
Nigar Xəlilli
17:00 12.09.2026
Oxunuş sayı: 51