İnfantino FİFA prezidentliyindən ƏL ÇƏKMİR
FIFA prezidenti Canni İnfantino təşkilata rəhbərliyini davam etdirmək üçün növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Sky Sports bu barədə məlumat yayıb.
İnfantino bildirib ki, gələn il martın 18-də keçiriləcək seçkilərdə namizəd olacaq. Onun seçki şüarı “Futbol hər yerdə, bütün dünyaya məxsusdur” olacaq.
FIFA rəhbəri qeyd edib ki, əsas məqsədlərindən biri dünyanın bütün bölgələrində futbolun inkişafı üçün imkan və resurslara çıxışı genişləndirməkdir. O, hər kəsin futbol oynamaq, iştirak etmək, inkişaf etmək və öz arzularını reallaşdırmaq imkanına sahib olmasının vacibliyini vurğulayıb.
İnfantino həmçinin futbolun aparıcı ölkələri ilə digər ölkələr arasındakı fərqin azaldılmasının FIFA-nın prioritetlərindən biri olduğunu bildirib.
Bununla yanaşı, Fransada FIFA prezidentliyinə yeni namizəd axtarışına başlanıldığı məlum olub. Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo Canni İnfantinoya etimadın itdiyini və FIFA-nın hazırkı idarəçilik modelinin onların baxışlarına uyğun olmadığını deyib.
Diallo bildirib ki, uyğun vaxt gəldikdə növbəti prezident seçkilərində Fransanın maraqlarını müdafiə edəcək namizəd müəyyənləşdiriləcək.
16:45 12.09.2026
Oxunuş sayı: 46