Valideynə olan borc necə ödənilməlidir?
Valideyn və övlad münasibətlərində ən çox müzakirə olunan məsələlərdən biri övladın valideyn qarşısında daşıdığı məsuliyyət və borc anlayışıdır. Bəzi hallarda valideynin övladının böyüməsi, təhsili və digər ehtiyacları üçün çəkdiyi xərclərin sonradan geri qaytarılmalı olduğu düşünülür.
Mütəxəssislərin fikrincə, bu məsələyə hüquqi və mənəvi baxımdan fərqli yanaşmaq lazımdır. Hüquqi baxımdan valideynin övladın böyüdülməsi və təminatı üçün çəkdiyi xərcləri sonradan övladdan tələb etməsi ilə mənəvi məsuliyyət anlayışı eyni məna daşımır. Bununla yanaşı, valideynə qayğı göstərmək, ona diqqət və dəstək olmaq ailə və cəmiyyət dəyərləri çərçivəsində mühüm məsuliyyət hesab edilir.
Sosioloq Mail Yaqub Crossmedia.az-a açıqlamasında bildirib ki, övladın valideyninə qarşı hər hansı maddi borcu yoxdur:
“Yəni məhkəmə, qanun və hüquqi baxımdan Azərbaycanda heç bir valideyn övladından ‘sənə xərclədiyim pulları geri qaytar’ deyə tələb irəli sürə bilməz. Belə bir hüquqi prosedur və ya qayda mövcud deyil.
Lakin övladın valideyni qarşısında mənəvi borcu var. Bu borc bizim mədəniyyətimizdən, dinimizdən və köklərimizdən qaynaqlanır. Xüsusilə Azərbaycanda övladların valideynlərinə olan rəğbəti və diqqəti mühüm milli-mənəvi dəyərlərdən biri hesab olunur.

Mənəvi borc ondan ibarətdir ki, valideyn vaxtilə övladına dəstək olub, onu böyüdüb və təhsil alması üçün şərait yaradıbsa, övlad da bunun qarşılığında valideyninə qayğı göstərməlidir.
Valideyn yaşlandıqda onun qayğısına qalmaq, ehtiyaclarını nəzərə almaq və ona diqqət göstərmək övladın mənəvi məsuliyyətlərindən biridir.
Bu mənəvi borc bizim milli dəyərlərimizdən biridir və qorunub saxlanılmalıdır. Çünki Azərbaycan xalqının milli varlığı, mənəvi bütövlüyü və kimliyi məhz bu dəyərlərlə bağlıdır. Əgər bu dəyərləri itirsək, milli mədəniyyətimiz də sual altında qala bilər”.
Zeynəb Həsən
16:00 04.09.2026
Oxunuş sayı: 45