Paşinyan Putinə “son sözünü” dedi - Ermənistan NATO-ya doğru gedir
Ermənistanın Baş naziri Nikol Paşinyanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu ölkənin Rusiya ilə münasibətlərinin gələcəyi və Qərbə inteqrasiya istiqamətində atdığı addımlar fonunda geniş müzakirə olunur. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini faktiki olaraq dondurması, bəzi toplantılarda iştirak etməməsi və Avropa İttifaqı ilə münasibətləri genişləndirməsi bu siyasətin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, Ermənistanın geosiyasi kursunda baş verən dəyişikliklər Cənubi Qafqazdakı qüvvələr balansına da təsir göstərə bilər. Xüsusilə Rusiya ilə Qərb arasında geosiyasi rəqabətin davam etdiyi bir şəraitdə Ermənistanın xarici siyasətdə seçim etməsi regionda yeni siyasi proseslərin yaranmasına səbəb ola bilər.
Politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi və sonrakı siyasi kursu Qərbə inteqrasiya istiqamətində həyata keçirilən siyasətlə bağlıdır:
“Qeyd edim ki, Ermənistanın Baş naziri Paşinyan hakimiyyətə təsadüfən gətirilməyib. O, ABŞ və Qərbin himayəsi altında hakimiyyətə gətirilib və Qərb qarşısında öhdəlik götürüb: Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, Rusiya platformalarından uzaqlaşmaq və Qərbə — Avropa Birliyinə inteqrasiya etmək. Paşinyan bu illər ərzində sözügedən siyasəti uğurla həyata keçirməkdədir.
Artıq Paşinyanın geriyə yolu yoxdur. O, Rusiya ilə körpüləri yandırır. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə Qırğızıstandakı son görüşü də göstərdi ki, onun geriyə yolu yoxdur. O, açıq şəkildə Putinin üzünə bildirdi ki, Qərbə doğru inteqrasiya edəcəklər, hətta referendum keçirmədən də müəyyənləşdirdikləri siyasəti həyata keçirəcəklər. Əgər Paşinyan Avropa Birliyindən imtina etsə və Qərbin təlimatına uyğun davranmasa, ABŞ və Qərb ümumilikdə onu hakimiyyətdən uzaqlaşdıra bilər. Məqsəd ilkin mərhələdə Avropa İttifaqına inteqrasiya etmək, daha sonra isə ölkənin təhlükəsizliyini NATO çətiri altına almaqdır. Bu baxımdan Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot edir və onun toplantılarında iştirak etmir. Hətta açıq şəkildə bildirib ki, Ermənistanın KTMT-dən çıxarılması onları sevindirər. Çünki eyni zamanda həm KTMT-də, həm də Avrasiya İqtisadi Birliyində olan bir dövlət nə NATO-nun, nə də Avropa Birliyinin üzvü ola bilər. Paşinyan mərhələli şəkildə bu siyasəti həyata keçirir: birinci mərhələdə Avropaya inteqrasiya etmək, daha sonra isə NATO-ya daxil olmaq. Ermənistanın NATO-ya üzv olması birbaşa Cənubi Qafqazda qüvvələr balansını pozur. Ukrayna münaqişəsi də məhz NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi nəticəsində yarandı. Paşinyanın bu siyasəti regionda sabitliyi birbaşa poza biləcək siyasətdir”.

Politoloq qeyd edib ki, Paşinyan erməni xalqının və dövlətinin maraqlarından deyil, Qərbin maraqlarından çıxış edir: “Necə ki, Zelenski bu siyasəti həyata keçirdi. Zelenski də dövlət təcrübəsi olmayan bir şəxs idi, hakimiyyətə gətirildi və onun əli ilə Ukraynanı indiki vəziyyətə sürüklədilər. Ermənistanın Baş naziri də eyni ssenarini Ermənistanda həyata keçirməkdədir. Artıq Rusiya rəsmiləri — istər Xarici İşlər Nazirliyi, istərsə də Prezident səviyyəsində — Paşinyana qarşı açıq təzyiqlər edir və mövqe bildirirlər ki, seçim etsinlər, ‘biz də öz işimizi bilək’. ‘Biz öz işimizi bilək’ fikrinin altında çox böyük və dərin məna var. Hesab edirəm ki, Ermənistanda artıq siyasi proseslər geri dönüşü çətin olan mərhələyə çatıb. Mövcud vəziyyətdən çıxış yolu kimi radikal siyasi dəyişikliklərin baş verməsi ehtimalı istisna deyil. Bu isə bölgədə yeni gərginlik ocağının yaranmasına gətirib çıxara bilər. Ümumilikdə, Paşinyanın həyata keçirdiyi siyasət açıq şəkildə Rusiyanın strateji maraqlarını nəzərə almadan Qərbin maraqlarına xidmət edir. Bu da regionda sabitliyin pozulması ilə nəticələnə bilər”.
Zeynəb Həsən
15:30 03.09.2026
Oxunuş sayı: 43