Süni zəkalı diş fırçaları məlumatlarınızı yaya bilər
Süni zəkanın gündəlik həyatımıza daxil olması ağız və diş sağlamlığı sahəsində də yeni texnologiyaların yaranmasına səbəb olub. Kamera və süni zəka ilə işləyən “ağıllı” diş fırçaları istifadəçinin fırçalama prosesini izləyərək buraxılan nahiyələri müəyyənləşdirmək, düzgün istiqamət göstərmək və təmizlik vərdişlərini izləmək imkanları təqdim edir.
Bu texnologiyalar xüsusilə fırçalama texnikasında çətinlik çəkən uşaqlar, yaşlılar, xüsusi qayğıya ehtiyacı olan şəxslər və ağız gigiyenasına nəzarəti gücləndirmək istəyənlər üçün faydalı hesab olunur. Bununla belə, mütəxəssislər süni zəka ilə işləyən cihazların üstünlükləri ilə yanaşı, qiymət, texniki asılılıq və şəxsi məlumatların məxfiliyi kimi müəyyən risklərinin də olduğunu bildirirlər.
Stomatoloq Elçin Muradov Crossmedia.az-a açıqlamasında bildirib ki, süni zəka və kamera ilə işləyən diş fırçalarının əsas üstünlüklərindən biri daha dəqiq təmizlik və istifadəçiyə düzgün istiqamət verməsidir:
“Bu cihazlar kamera və süni zəka vasitəsilə ağız boşluğunda fırçalanması çətin olan nahiyələri müəyyən edə və istifadəçiyə həmin sahələrə daha çox diqqət yetirməsi ilə bağlı istiqamət verə bilir. Süni zəka ilə işləyən sistemlər fırçanın hansı nahiyədə istifadə edildiyini izləyir, buraxılan dişlər barədə məlumat verir və həddindən artıq təzyiq tətbiq olunduqda xəbərdarlıq edə bilir.
Bu, xüsusilə düzgün fırçalama texnikasını tam mənimsəməmiş şəxslər üçün faydalıdır. Tətbiqlər vasitəsilə istifadəçinin fırçalama vərdişləri izlənilir, tərəqqi qeydə alınır və müəyyən hallarda xatırlatmalar göndərilir. Bu da ağız gigiyenasına daha müntəzəm yanaşmağa kömək edə bilər.
Xüsusilə uşaqlar üçün bu texnologiyalar əlavə motivasiya vasitəsi ola bilər. Vizualizasiya, oyunlaşdırma və mükafatlandırma elementləri uşaqların dişlərini daha düzgün və davamlı fırçalamasına müsbət təsir göstərə bilər. Eyni zamanda, əl bacarığı məhdud olan və ya xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün də ağız gigiyenasının izlənilməsini asanlaşdıra bilər”.
Stomotoloq qeyd edib ki, kamera funksiyası vasitəsilə ağız boşluğundakı müəyyən dəyişikliklərin zamanla izlənilməsi də mümkündür: “İstifadəçi əldə etdiyi məlumatları diş həkimi ilə bölüşərək ağız və diş sağlamlığı ilə bağlı daha dəqiq müşahidələrin aparılmasına kömək edə bilər.
Lakin bu texnologiyaların müəyyən məhdudiyyətləri də var. İlk növbədə, süni zəka və kamera ilə işləyən diş fırçalarının qiyməti kifayət qədər yüksəkdir. Bəzi cihazların istifadəsi əlavə aksesuarların, ehtiyat başlıqların və xüsusi vasitələrin alınmasını da tələb edə bilər. Bu isə onların hər kəs üçün əlçatan olmamasına səbəb olur.
Digər vacib məsələ texnologiyanın düzgün fırçalama texnikasını tamamilə əvəz etməməsidir. İlk növbədə insan düzgün ağız gigiyenası vərdişlərini və fırçalama texnikasını mənimsəməlidir. Süni zəka ilə işləyən fırçalar bu prosesi əvəz edən deyil, onu tamamlayan vasitə kimi qiymətləndirilməlidir.
Texniki asılılıq və cihazların etibarlılığı da nəzərə alınmalıdır. Tətbiqin və ya digər texniki funksiyaların işləməməsi müəyyən imkanların itirilməsinə səbəb ola bilər. Bundan başqa, ağız boşluğu su, tüpürcək, buxar və hərəkət baxımından mürəkkəb mühit olduğuna görə kamera və izləmə sistemlərinin fəaliyyətinə müəyyən təsir göstərə bilər.
Məlumatların məxfiliyi məsələsi də diqqətdə saxlanılmalıdır. Kamera vasitəsilə ağız boşluğunun görüntülərinin qeydə alınması və məlumatların tətbiqlər və ya digər sistemlərdə saxlanılması istifadəçilər üçün müəyyən suallar yarada bilər.
Eyni zamanda, texnologiyanın reklam və marketinq məqsədilə təqdim edilən nəticələrinə də ehtiyatla yanaşmaq lazımdır. Hər bir cihazın təqdim etdiyi üstünlüklər müstəqil elmi və klinik nəticələr əsasında qiymətləndirilməlidir.
Süni zəka ilə işləyən diş fırçaları fırçalama texnikasında çətinlik çəkənlər, uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər, breket istifadə edənlər və ağız gigiyenasına daha ciddi nəzarət etmək istəyənlər üçün faydalı ola bilər. Lakin artıq düzgün fırçalama vərdişi olan və daha sadə, əlverişli həll axtaran şəxslər üçün adi və ya orta seqment elektrik diş fırçası da kifayət edə bilər.
Əsas məqam ondan ibarətdir ki, kamera və süni zəka ilə işləyən diş fırçası diş həkiminin yerini tutmur. Ən yaxşı nəticə düzgün ağız gigiyenası vərdişləri, həkim tövsiyəsi, texnologiyadan məqsədyönlü istifadə və müntəzəm stomatoloji müayinənin birlikdə həyata keçirilməsi ilə əldə edilə bilər”.
Zeynəb Həsən
14:30 03.09.2026
Oxunuş sayı: 47