Robert Köçəryan və Serj Sarkisyan Bakıda məhkəməyə çıxarıla bilər
Ermənistanın sabiq prezidenti Robert Köçəryan 1998-2008-ci illərdə dövlət əmlakının qanunsuz şəkildə özünə və yaxınlarına verilməsi, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları ilə yeni cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunub. Eyni iş üzrə sabiq prezident Serj Sarkisyana da ittiham irəli sürülməsi Ermənistanın keçmiş hakimiyyət nümayəndələrinin hüquqi məsuliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu proseslər fonunda Xocalı soyqırımı və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş ağır cinayətlərlə bağlı məsuliyyət məsələsi də Azərbaycan ictimaiyyəti üçün xüsusi aktuallıq daşıyır.
Hüquq elmləri doktoru Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlamasında Robert Köçəryan və Serj Sarkisyanın Xocalıda və Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində törədilmiş ağır cinayətlərlə bağlı hüquqi məsuliyyətə cəlb olunması məsələsindən danışıb:
“Robert Köçəryan və Serj Sarkisyanın Xocalıda və Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində törədilmiş soyqırımı, müharibə cinayətləri və digər ağır beynəlxalq cinayətlərlə bağlı fərdi iştirakları sübuta yetirilərsə, onların hüquqi məsuliyyətə cəlb olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsi sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri törətmiş şəxslərin cinayətin törədildiyi yerdən asılı olmayaraq Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb edilməsinə imkan verir. Bu baxımdan həmin şəxslərin sabiq prezident və ya yüksək vəzifəli şəxs olmaları özlüyündə onları cinayət məsuliyyətindən azad etmir”.

Hüquqşünasın sözlərinə görə, belə hallarda əsas məsələ şəxsin tutduğu vəzifə deyil, konkret cinayət əməlləri ilə bağlı fərdi məsuliyyətinin hüquqi qaydada müəyyənləşdirilməsidir. Bunun üçün həmin şəxslərin cinayətlərin planlaşdırılması, təşkili və ya həyata keçirilməsində hansı formada iştirak etdikləri araşdırılmalıdır: “Lakin onların konkret cinayət əmrləri verməsi, cinayətlərin planlaşdırılması və təşkilində iştirak etməsi, həmin əməllərə yardım göstərməsi və ya tabeliklərində olan qüvvələrin törətdiyi cinayətlərin qarşısını almaq və günahkarların cəzalandırılmasını təmin etmək imkanına malik olduqları halda bunu etməmələri hüquqi baxımdan araşdırılmalı və sübuta yetirilməlidir. Azərbaycan qanunvericiliyində soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ayrıca cinayət tərkibi kimi nəzərdə tutulur. Bu baxımdan həmin şəxslərin Bakıda məhkəmə qarşısına çıxarılması hüquqi baxımdan prinsip etibarilə mümkündür”.
Ə.Allahverdiyev bildirib ki, bunun üçün konkret cinayət epizodları üzrə sübutların toplanması və hüquqi prosedurların həyata keçirilməsi vacibdir. Onun fikrincə, hüquqi məsuliyyət məsələsində əsas meyar şəxslərin konkret cinayətlərlə əlaqəsinin hüquqi faktlar əsasında təsdiqlənməsidir:
“Bunun üçün Azərbaycan tərəfindən əsaslandırılmış cinayət təqibi aparılmalı, konkret cinayət epizodları üzrə sübutlar toplanmalı və həmin şəxslərin bu cinayətlərlə əlaqəsini təsdiq edən hüquqi faktlar müəyyən edilməlidir. Bundan sonra onların Azərbaycan ərazisində tutulması və ya hüquqi prosedurlar, o cümlədən ekstradisiya mexanizmləri vasitəsilə Azərbaycana gətirilməsi məsələsi gündəmə gələ bilər. Əsas məsələ onların vaxtilə tutduqları vəzifə deyil, konkret cinayətlər üzrə fərdi məsuliyyətlərinin hüquqi qaydada sübuta yetirilməsidir”.
Nigar Xəlilli
20:50 01.09.2026
Oxunuş sayı: 51