Ailənizi görmək üçün saat müəyyən etməli olacaqsız
Sosial şəbəkələr insanların bir-biri ilə əlaqə saxlamasını asanlaşdırsa da, münasibətlərin xarakterini də əhəmiyyətli dərəcədə dəyişib. Dostluqların virtual müstəviyə keçməsi və ailə üzvlərinin eyni məkanda olarkən belə telefonlara üstünlük verməsi cəmiyyətdə ünsiyyət vərdişlərinə dair yeni suallar yaradıb.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Crossmedia.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələr insanlar arasında müəyyən soyuqluq yaradır:
“Şübhəsiz ki, sosial şəbəkələr insanlar arasında müəyyən soyuqluq yaradır. Bunun əsas səbəbi odur ki, sosial şəbəkələr insanı insandan uzaqlaşdıraraq onu burada təqdim olunan müxtəlif məzmunlara bağlayır. Biz sosial şəbəkələrdə o qədər rəngarəng və maraqlı videolarla qarşılaşırıq ki, həmin məzmunlar zamanla diqqətimizi özünə cəlb edir. Nəticədə ailə üzvlərimiz, dostlarımız, tanışlarımız və digər insanlarla canlı ünsiyyətə marağımız azalır. Bu, olduqca ciddi problemdir. Nəticədə insan tənhalaşır. Çünki canlı ünsiyyətin olmadığı mühitdə insan əvvəlcə fiziki, daha sonra isə psixoloji baxımdan təcrid olunur. İnsanlar bir-biri ilə ünsiyyətdən zövq almaq əvəzinə, sosial şəbəkələrdə gördükləri virtual məzmunlarla sanki ünsiyyət qurmağa başlayırlar. Məsələnin əsas mahiyyəti də budur: canlı ünsiyyət arxa plana keçir və insanlar arasında soyuqluq yaranır”.

M.Yaqub qeyd edib ki, bunun qarşısını almaq üçün canlı ünsiyyətə daha çox vaxt ayrılmalıdır:
“İlk növbədə, dostlar həftədə və ya ən azı iki həftədə bir dəfə bir araya gəlmək üçün xüsusi gün müəyyən edə bilərlər. Həmin vaxtı birlikdə keçirmək, söhbət etmək və canlı ünsiyyət qurmaq vacibdir. Ailə daxilində də müəyyən saatlar ayrılmalıdır ki, ailə üzvləri bir araya gələrək telefon və digər elektron cihazlardan uzaq şəkildə vaxt keçirsinlər. Çünki canlı ünsiyyət insan münasibətlərinin qorunması üçün ən təsirli vasitələrdən biridir”.
Nuray Mehtiyeva
16:00 03.09.2026
Oxunuş sayı: 35