Paşinyan höküməti Ermənistana çox böyük problemlər yaradır
Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində yeni mərhələnin formalaşması regionda sülh və əməkdaşlıq perspektivlərini yenidən gündəmə gətirib. İrəvanın Bakı və Ankara ilə dövlətlərarası münasibətlərin qurulmasına doğru irəliləməsi fonunda siyasi, iqtisadi və kommunikasiya istiqamətlərində yeni imkanların yaranması da diqqət çəkir. Bununla yanaşı, tərəflərin milli maraqları və strateji hədəfləri də prosesin mühüm elementlərindən biri olaraq qalır.
Bəs bu proses hansı nəticələrə gətirib çıxara bilər? Ermənistanın atdığı addımlar nə dərəcədə real və davamlıdır?
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Crossmedia.az-a açıqlamasında bildirib ki, yeni mərhələnin əsas səbəbkarları Azərbaycan və Türkiyədir: “Azərbaycan və Türkiyənin mövqeyi bu mövzu ilə bağlı koordinasiya şəklində formalaşır. Əsas məqsəd sülh prosesinin region üçün və Ermənistan üçün cəlbedici olmasını göstərməkdir. Bu, çoxşaxəli fəaliyyətdir. Burada həm iqtisadi, siyasi, geosiyasi və digər istiqamətləri qeyd edə bilərik. Azərbaycan sülhün həm Azərbaycan, həm Ermənistan, həm Türkiyə, həm də Gürcüstan üçün faydalı olmasını israrla nümayiş etdirir. Burada müsbət bəyanatlar səsləndirilir, hansısa iqtisadi və ya kommunikasiya imtiyazlarından danışılır. Amma eyni zamanda Azərbaycan siyasi iradəsini nümayiş etdirərkən onu narahat edən, Azərbaycanın maraqlarını və strateji hədəflərini əks etdirən bəyanatlar və addımlar atır. Kimsə Azərbaycanın və ya Türkiyənin dövlət olaraq milli maraqlarını yaddan çıxarıb, sadəcə sülh naminə addımlar atdığını düşünməsin. Çünki sülh deyəndə biz başa düşməliyik ki, bu, təkcə bu və ya digər sənədlərin imzalanması ilə yekunlaşan hansısa proses deyil. Sülh daha geniş prosesdir və burada xalqların, ilk növbədə, bir-birinə münasibətinin mahiyyətinin dəyişməsi nəzərdə tutulur. Ermənistanda böyük problemlər var. Bu problemləri yaşadan həm Paşinyanın administrasiyasıdır, həm də ona müxalif və ya geniş ictimaiyyəti təmsil edən müəyyən dairələrdir. Hətta bir çox məsələlərdə Azərbaycan açıq şəkildə öz tələblərini bəyan edir. Bu bəyanatlar onu göstərir ki, Azərbaycan hərbi işğalın bütün nəticələrini – həm hərbi, həm humanitar, həm iqtisadi, həm də hüquq sahəsindəki nəticələri tamamilə aradan götürmək üçün Ermənistana siyasi iradə göstərməsi və təzyiqdən istifadə etməklə müəyyən addımlar atmağa məcbur edir. Bu, çox mürəkkəb və diplomatik bacarıq tələb edən bir prosesdir”.

T.Zülfüqarov qeyd edib ki, müxtəlif mərhələlərdə həm müsbət, həm də siyasi təzyiq xarakteri daşıyan addımlar Azərbaycan və Türkiyə tərəfindən atılır: “Müxtəlif mərhələlərdə lazımi addımlar atılır. Həm müsbət, həm də mənim dediyim kimi, siyasi təzyiq xarakteri daşıyan addımlar Azərbaycan və Türkiyə tərəfindən atılmaqdadır. Burada nə artıq sülhpərvərlik olmalıdır, nə də artıq təzyiq. Balanslaşdırılmış bir mövqe olmalıdır. Necə ki, bizim siyasətimiz qurulur, bunun əsası da budur”.
Zərnigar Hüseynli
18:00 02.09.2026
Oxunuş sayı: 48