Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 23 ilə yaxın dövr ərzində uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi və hazırda reallıqda öz əksini tapan “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı özündə əsas məqamları ehtiva edir. Təbii ki, burada söhbət insan amilinə verilən dəyərdən, ölkə əhalisinə göstərilən yüksək diqqət və qayğıdan gedir. Dövlət başçısı İlham Əliyev, həmçinin bu çağırışı da edib ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəflər regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələb kimi qarşıya qoydu. Bunun üçün Prezident İlham Əliyevin sərəncamları ilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edildi. Həmin sənədlərdə hər bir bölgənin sosial-iqtisadi inkişafı üçün görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapdı ki, bunlardan biri də bölgələrdə müasir səhiyyə mərkəzlərinin yaradılması idi. Məqsəd əhalinin paytaxta gəlmədən öz yaşadıqları bölgələrdə yüksəkkeyfiyyətli, müasir və operativ tibbi xidmət almasını təmin etməkdir. Ümumiyyətlə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, regionlarda əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi, səhiyyənin rəqəmsallaşması, sosial və maliyyə ağırlığı olan bir sıra xəstəliklərin müalicəsinin dövlət proqramları təminatına alınması, eləcə də müasir infrastrukturun qurulması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiyalı fəaliyyəti nəticəsində ölkənin müxtəlif şəhər və rayonlarında yeni xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı şəkildə yenilənib. Yeni xəstəxanaların istifadəyə verilməsi və mövcud olanların bərpası əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirir, müasir tibbi avadanlıqlarla təminat gücləndirilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Bərpa işlərində də əsas diqqət göstərilən məsələlərdən biri sosial obyektlərin, o cümlədən səhiyyə müəssisələrinin tikintisidir. İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun qurulması sosial siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində də strateji rol oynayır.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə səhiyyənin inkişafının yüksək səviyyədə olması özünü koronovirus infeksiyası ilə mübarizə tədbirlərində nümayiş etdirdi. Ölkəmizdə səhiyyə xidməti beynəlxalq səviyyədə təqdir edildi. Təbii ki, bu inam ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülən işlərə, səhiyə müəssisələrinin güclü maddi-texniki bazaya malik olmasına, yüksəkixtisaslı kadrlarla təminata əsaslandı. Həmin dövrdə yeni səhiyyə müəssisələrinin yaradılmasını, modul tipli səhiyyə müəssisələrinin quraşdırılmasını xüsusi qeyd etməliyik. Təbii ki, bu müəssisələrin müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilməsi ilə bərabər, onların kadr potensialı da xüsusi diqqətdə oldu. Bu baxımdan onu da qeyd etməliyik ki, təcrübə mübadiləsinin aparılması yüksək ixtisaslı kadrların yetişdirilməsində əhəmiyyətli rol oynayır. Bu isə öz növbəsində əhalinin sağlamlığının təmin edilməsində, xəstələrin xarici ölkələrə üz tutmayaraq ölkə daxilində yüksək səviyyədə müayinə olunub, müalicə almalarında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev hələ dünyanın koronovirus infeksiyası ilə mübarizə apardığı dövrdə ölkədə iqtisadi islahatların davam etdiriləcəyinə, heç bir sosaal layihənin təxirə salınmayacağına çağırışlar etdi. Təbii ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişliyi hər bir sosial layihəni uğurla başa çatdırmağa əsas verir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu günədək beş sosial paketin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu paketlər minimum əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını təmin edərək milyonlarla vətəndaşın rifahının yüksəldilməsinə xidmət etmişdir.
Millət vəkili bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilməsi və icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Belə ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə TƏBİB sistemi üzrə əməkhaqqı fonduna 189 milyon manat vəsait ayrılıb. Əməkhaqlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla differensial qaydada artırılması isə qərarın digər mühüm xüsusiyyətidir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur. Xüsusilə regionlarda çatışmayan ixtisaslar üzrə vəzifə maaşına 1,3 əmsalın tətbiq edilməsi mühüm addımdır. Bu mexanizm yüksəkixtisaslı həkimlərin və digər tibb mütəxəssislərinin regionlarda işləməyə marağının artırılmasına ciddi stimul verəcək. Çünki bölgələrdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə həmin ərazilərdə zəruri ixtisaslara malik kadrların olması vacibdir.
Vüqar Rəhimzadə qeyd edib ki, son illərdə səhiyyə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşlar artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artımı ilə əlaqədar növbəti yüksəlişlər olub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evləri işçilərinin tarif maaşlarına isə 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. Yeni islahat bu prosesin davamıdır. İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnunluğunun yüksəldilməsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, səhiyyə işçilərinin əməyinin qiymətləndirilməsi onların peşələrinə daha böyük məsuliyyətlə yanaşmalarına və daim inkişaf etməsinə, tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və müasir yanaşmaların tətbiqinə geniş imkanlar yaradır.
14:36 03.09.2026
Oxunuş sayı: 46