Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya məğlub olacağı təqdirdə 20 milyona qədər ukraynalının Avropaya köçmək məcburiyyətində qala biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb."Rusiya bizi öldürür”, – deyən Ukrayna lideri ölkə vətəndaşlarının öz yurdlarını tərk etməyə məcbur edildiyini bildirib. O, Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığını da vurğulayıb.
Rusiyanın genişmiqyaslı işğalının ilk günlərində milyonlarla ukraynalı evlərini tərk edərək Avropa ölkələrinə sığınmışdı. “Eurostat”ın məlumatına görə, hazırda Avropa İttifaqı ölkələrində 4 milyondan çox ukraynalı müvəqqəti müdafiə statusu ilə yaşayır. Onların ən böyük qrupları Almaniya, Polşa və Çexiyada məskunlaşıb.
Zelenskinin xəbərdarlığı Ukraynanın Rusiya bombardmanları altında müharibənin beşinci qışına hazırlaşdığı vaxta təsadüf edir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, Kiyevin gələn il büdcə kəsiri 30–35 milyon dollar təşkil edə bilər. Bu proqnoz Brüsselin ötən il ayırmağa razılaşdığı 90 milyard avroluq kredit nəzərə alınmaqla hazırlanıb.
Ukrayna Prezidenti Brüsselə səfəri zamanı Avropa liderləri ilə görüşərək ölkəsinə maliyyə dəstəyini gücləndirməyə çalışıb. Avropa İttifaqı Ukraynanın əsas dəstəkçilərindən biri olsa da, artan enerji xərcləri, qarşıdan gələn seçkilər, geosiyasi böhranlar və 2 trilyon avroluq büdcə ilə bağlı fikir ayrılıqları birliyin gündəliyindəki əsas məsələlər sırasındadır.