Türkiyə ŞƏT-ə qoşula bilməyəcək
Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərində yeni mərhələ müzakirə olunur. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin təşkilata tamhüquqlu üzvlüyü məsələsinin nəzərdən keçirilə biləcəyini bildirərək, bunun NATO və Qərblə əlaqələrdən uzaqlaşma anlamına gəlmədiyini vurğulayıb. Hazırda ŞƏT-də dialoq tərəfdaşı statusunda olan Türkiyənin bu mövqeyi Ankaranın çoxşaxəli xarici siyasəti və Şərq-Qərb balansı baxımından diqqət çəkir.
Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu Crossmedia.az-a açıqlamasında Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına mümkün üzvlüyünü dəyərləndirib:
“Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması ilə bağlı bəyanatları yeni deyil. Bundan əvvəl də Ankara tərəfindən müxtəlif qurumlara, o cümlədən Körfəz Əməkdaşlıq Şurası və Ərəb Liqasına qoşulmaqla bağlı müxtəlif bəyanatlar səsləndirilib və dəvətlər alınıb. Amma real olaraq Türkiyənin hazırda sabit və konkret şəkildə dayandığı blok NATO-dur. Bu baxımdan hesab edirəm ki, Türkiyənin belə təşkilatlara asanlıqla qoşulması real görünmür. Çünki hər hansı əməkdaşlıq şurasına və ya gömrük ittifaqına qoşulduğunuz zaman həmin ölkələrdən idxal olunan məhsullara güzəştli gömrük şərtlərinin tətbiqi və ya müəyyən razılaşmalar çərçivəsində gömrüksüz idxala icazə verilməsi kimi öhdəliklər yaranır. Burada Çin faktoru da çox vacibdir. Çin Türkiyənin xarici ticarət dövriyyəsində ən fəal ölkələrdən biridir. Həm ixrac, həm də idxal baxımından Çin Türkiyənin əsas ticarət tərəfdaşları sırasında yer alır”.

Ekspert edib ki, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri son illərdə daha fəal müzakirə olunur: “Ankara təşkilatla dialoqu inkişaf etdirsə də, Türkiyənin NATO üzvlüyü onun xarici və təhlükəsizlik siyasətində əsas istiqamətlərdən biri olaraq qalır. Türkiyənin ŞƏT-ə üzvlüyünün müəyyən siyasi dividendləri ola bilər. Lakin Ankara üçün belə bir addımı zəruri edən ciddi amillər mövcud deyil. Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Ankara üçün müəyyən siyasi dividendlər yarada bilər. Amma hazırkı reallıqlar fonunda Türkiyənin bu təşkilata üzv olacağını düşünmürəm. Mahiyyət etibarilə buna ciddi ehtiyac da yoxdur. Çünki Türkiyənin Çinlə yüksək səviyyəli əlaqələri var. Rusiya ilə də münasibətləri yüksəkdir. Eyni zamanda təşkilata üzv olan ölkələrin böyük əksəriyyəti ilə Türkiyənin müsbət münasibətləri mövcuddur. Avropa və Qərblə münasibətlərin kəskinləşməsi məsələsinə gəlincə, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün avtomatik olaraq Ankara ilə Avropa və Qərb arasındakı münasibətlərə ciddi təsir göstərəcəyini düşünmürəm. Bununla belə, belə bir addım atılarsa, müəyyən ciddi risklər yarana bilər. Bu səbəbdən hesab edirəm ki, Türkiyənin hazırkı mərhələdə Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması inandırıcı görünmür”.
Nigar Xəlilli
14:00 03.09.2026
Oxunuş sayı: 46