Bütün planlar alt-üst oldu: Deputat Bakı ilə Bişkekin gizli sövdələşməsini açdı!
Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş türk dövləti arasında hərbi-siyasi, iqtisadi və mədəni əlaqələri keyfiyyətcə yeni — müttəfiqlik səviyyəsinə qaldıran strateji sənədi təsdiqləyib. Dövlət başçısı 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə müvafiq qanunu imzalayıb. Bakı və Bişkək arasında imzalanan bu tarixi qanun layihəsi təkcə iki tərəfli diplomatik münasibətlərin inkişafı deyil, ümumilikdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın dərinləşməsi və Orta Asiya regionunda təhlükəsizlik, logistika, eləcə də iqtisadi güc balansının möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa təsdiqlənən müttəfiqlik müqaviləsinin Türk birliyi üçün daşıdığı tarixi və strateji dəyəri ətraflı şərh edib:
"İki türk dövləti arasında olan hər hansı bir əlaqə ümumiyyətlə Türk birliyi üçün çox ciddi zəmin hazırlayır. Qırğızıstan bizə həm mental baxımdan, həm tarix, soy-kök, həm də müasir dəyərlər baxımından ən yaxın ölkələrdən biridir. Ona görə də Qırğızıstanla bizim aramızdakı bu münasibətlərin əbədi olacağını hesab edirəm. Hər iki xalqın maraqlarına tam uyğundur ki, bir-biri ilə gələcəyə yönəlik bütün fəaliyyətlərdə daha yüksək qardaşlıq və dostluq nümunəsi göstərsinlər".
Deputat hər iki ölkənin postsovet məkanında qət etdiyi inkişaf yoluna və iqtisadi-strateji tərəfdaşlıq imkanlarına diqqət çəkib:
"Hər iki dövlət postsovet məkanından çıxsa da, bu gün kifayət qədər müstəqil və özünəməxsus iqtisadi gücə sahib ölkələridir. Qırğızıstan da son illər yüksək seviyyədə inkişaf edir, ciddi iqtisadi yüksəliş dövrünü yaşayır. Belə bir vaxtda bir-birinə dəstək olmaq, müttəfiqlik münasibətləri qurmaq hər iki ölkənin milli maraqlarına tam cavab verir".
Fazil Mustafa Bakı-Bişkək strateji tərəfdaşlığının mədəni və regional ölçülərini vurğulayaraq fikrini yekunlaşdırıb:
"Bu müqavilə həm də mədəni əlaqələrin sürətli inkişafı üçün çox vacibdir. Orta Asiyada müstəsna strateji əhəmiyyəti olan bir ölkə ilə Azərbaycanın bu səviyyədə müttəfiqlik münasibətləri qurması, xalqlarımız arasında ən yaxın və sarsılmaz münasibətlərin inkişafına daha böyük töhfə verəcək".
Zeynəb Həsən
18:15 22.10.2026
Oxunuş sayı: 55