Türkiyə PUA-sı Yunanıstan hava məkanını POZDU – qırıcılar havaya qalxdı
Yunanıstanın Aleksandrupolis hava limanı yaxınlığında Türkiyəyə məxsus pilotsuz uçuş aparatı ölkənin hava məkanını pozub və sərnişin təyyarəsinin uçuşuna maneə yaradıb.
Crossmedia.az xəbər verir ki, Yunanıstanın “ERT News” telekanalı bu barədə məlumat yayıb.
Məlumata görə, dron Afina uçuş informasiya zonasına qanunsuz daxil olaraq sərnişin təyyarəsinin Afinaya uçuşa hazırlaşdığı vaxt uçuş-enmə zolağına yaxın məsafədən keçib.
Hadisəyə cavab olaraq Yunanıstan Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları havaya qaldırılıb. Sərnişin təyyarəsinin təhlükəsizliyini təmin etmək üçün dispetçerlər onu digər uçuş-enmə zolağına yönləndirib və təhlükəli zonanı tərk edənədək aşağı hündürlükdə uçmağı tövsiyə ediblər.
Yunanıstan qırıcılarının müdaxiləsindən sonra dron kursunu dəyişərək ölkənin hava məkanını Samotraki adası istiqamətində tərk edib.
Yunanıstan Milli Müdafiə Baş Qərargahı Türkiyəyə məxsus PUA-ların bu cür hava məkanı pozuntularının mütəmadi xarakter daşıdığını bildirib.
“Kathimerini”nin avqustun ortalarında yaydığı məlumata görə, Yunanıstan Silahlı Qüvvələri ilin əvvəlindən Türkiyəyə məxsus təyyarə və PUA-lar tərəfindən 433 hava məkanı pozuntusu qeydə alıb. Bu göstərici 2025-ci ilin bütün ili üzrə qeydə alınan pozuntuların sayından təxminən iki dəfə çoxdur.
17:46 28.08.2026
Oxunuş sayı: 46