Özbəkistanın Avropaya çıxışında Azərbaycan faktoru: Vahid operatorlu dəhliz nə vəd edir?
Özbəkistan ilə Azərbaycan arasında vahid operator tərəfindən idarə olunan ayrıca nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü iki ölkə arasında yeni logistika marşrutunun formalaşdırılmasından daha geniş məna daşıyır. Bu layihə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət və tranzit əlaqələrinin genişləndirilməsinə, Xəzər üzərindən yükdaşımaların daha səmərəli təşkilinə imkan yarada bilər. Vahid operator modelinin tətbiqi isə daşımaların koordinasiyasını və logistika proseslərinin çevikliyini artırmaq baxımından əhəmiyyətlidir.
Crossmedia.az-a açıqlama verən professor Fuad Qənbərov bildirib ki, bu layihə Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz istiqamətində nəqliyyat xidmətlərinin institusional inteqrasiyasına, Azərbaycan–Özbəkistan ticarətinin genişlənməsinə və hər iki ölkənin logistika imkanlarının şaxələndirilməsinə ciddi təsir göstərə bilər: “Əsas iqtisadi üstünlük yeni fiziki marşrutun yaradılmasından daha çox, hazırda müxtəlif dəmir yolu, liman, gəmiçilik, terminal, gömrük və ekspeditor subyektləri arasında bölünmüş nəqliyyat prosesinin “bir pəncərə – bir müqavilə – bir tarif – bir məsuliyyət mərkəzi” prinsipi ilə idarə edilməsində ola bilər. Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə sürətlə genişlənir. Statistik məlumatlara görə, ikitərəfli ticarət dövriyyəsi 2025-ci ildə 307,3 milyon ABŞ dollarına çataraq əvvəlki illə müqayisədə 14,6 faiz artıb, 2026-cı ilin yanvar–iyun aylarında isə 170,3 milyon dollar təşkil etməklə illik müqayisədə 30,8 faiz yüksəlib. İki ölkə 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan proqram üzərində işləyir. Bu göstəricilər göstərir ki, söhbət artıq mövcud olmayan ticarət axını üçün infrastruktur qurmaqdan deyil, sürətlə artan iqtisadi əlaqələrin qarşısında yarana biləcək logistika məhdudiyyətlərinin qabaqlayıcı şəkildə aradan qaldırılmasından gedir”.

İqtisadçı qeyd edib ki, dəhliz Özbəkistan üçün alternativ dünya bazarlarına çıxış baxımından xüsusi əhəmiyyət daşıyır: “Özbəkistanın əsas struktur xüsusiyyətlərindən biri onun dünya okeanına çıxışı olmayan və bunun üçün ən azı iki dövlətin ərazisindən keçməli olan ölkə olmasıdır. Buna görə də nəqliyyat siyasətinin əsas məqsədlərindən biri yalnız ən qısa marşrutu tapmaq deyil, bir neçə etibarlı alternativ bazar çıxışı yaratmaqdır. Azərbaycan istiqamətində vahid operatorlu dəhliz Özbəkistan üçün Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa xəttinə daha proqnozlaşdırılan çıxış təmin edə bilər. Alternativ marşrutun mövcudluğu özü əlavə dəyər yaradır. Geosiyasi, tarif, sərhəd və ya infrastruktur şoku baş verdikdə yüklərin başqa istiqamətə çevrilməsi imkanının olması Özbəkistanın xarici ticarət sisteminin dayanıqlığını artırır”.
F.Qənbərov vurğulayıb ki, layihənin Azərbaycan üçün əsas üstünlüyü ölkənin tranzit ərazidən regional logistika mərkəzinə çevrilməsi ola bilər: “Məqsəd Özbəkistan yükünün Azərbaycan ərazisindən sadəcə keçməsi deyil, onun ətrafında logistika əlavə dəyər zəncirinin formalaşdırılması olmalıdır. Ələt limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Azərbaycan dəmir yolu şəbəkəsi və Xəzər gəmiçiliyinin inteqrasiyası burada mühüm rol oynaya bilər. Lakin vahid operatorun yaradılması özlüyündə uğura zəmanət vermir. Əsas risklər Xəzər keçidində gəmi və liman cədvəllərinin dəmir yolu qrafiki ilə uyğunlaşdırılmaması, yük balansının pozulması və tarif koordinasiyasının düzgün qurulmamasıdır. Operator yalnız tranzit şirkəti deyil, eyni zamanda yük bazasının formalaşdırıcısı olmalıdır. Yekunda onu qeyd etməliyəm ki, Azərbaycanın iqtisadi və siyasi gələcəyi Türk Dövlətləri ilə bağlıdır. Bu ölkələr arasında iqtisadi əlaqələrin artırılmasına istiqamətlənən istənilən təşəbbüs müsbət qiymətləndirilməlidir”.
Nigar Xəlilli
18:00 28.08.2026
Oxunuş sayı: 50