İngla International ETC-də Özbəkistanda təhsil alacaq tələbələrlə görüş keçirilib
İngla International Education and Training Center-də tibb ixtisası üzrə təhsil almaq üçün Özbəkistanın ali məktəblərinə qəbul olan tələbələrlə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə tələbələrə qarşıdakı təhsil həyatı, həkimlik peşəsinin məsuliyyəti, Özbəkistandakı yeni təhsil mühitində qarşılaşa biləcəkləri imkan və çətinliklər, eləcə də xaricdə Azərbaycanı layiqincə təmsil etməyin əhəmiyyəti barədə tövsiyələr verilib.
İngla International ETC-nin direktoru Aytən Məmmədli çıxışında tələbələrin Özbəkistandakı təhsil mühitində qarşılaşacaqları imkan və çətinliklərdən danışıb.
O bildirib ki, həkim olmaq təkcə diplom almaqdan ibarət deyil:
“Həkim olmaq təkcə diplom almaq deyil. Bunun üçün böyük bilik, səbir və insanlara xidmət etmək istəyi olmalıdır. Siz Özbəkistanda təkcə özünüzü və ailənizi deyil, həm də Azərbaycanı təmsil edirsiniz. Ona görə də davranışınıza və təhsilinizə xüsusi diqqət ayırmalısınız”.
A.Məmmədli tələbələrə təhsil müddətində çətinliklərlə qarşılaşdıqları zaman ruhdan düşməməyi tövsiyə edib:
“Həkimlik sənəti çox çətindir. Elə vaxt olacaq ki, deyəcəksiniz, bezmişəm, darıxıram, alınmır. Həmin anda bu işə niyə başladığınızı xatırlayın və davam edin. İnanıram ki, bir neçə ildən sonra öz bilikləriniz və diplomunuzla Azərbaycana qayıdıb seçilən, sayılan həkimlərdən olacaqsınız”.
İngla International ETC-nin icraçı direktoru Rza Babayev isə tələbələri və onların valideynlərini təbrik edib. O, xaricdə təhsil alan gənclərin valideynlərinin göstərdiyi dəstəyin və çəkdiyi zəhmətin də nəzərə alınmasının vacibliyini vurğulayıb.
R.Babayev tələbələrə Özbəkistanda davranışlarına və atdıqları hər addıma diqqət etməyi tövsiyə edib:
“Orada təkcə özünüzü və ailənizi deyil, Azərbaycanı da təmsil edirsiniz. Özbəkistan qardaş ölkədir. Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə hazırda xüsusi diqqət göstərilir. Bunları bilməyiniz və təhsilinizə, fəaliyyətinizə xüsusi məsuliyyətlə yanaşmağınız lazımdır”.
İcraçı direktor tələbələrin Özbəkistanda təhsil müddətində hər hansı problemlə qarşılaşdıqları halda onlara dəstək göstəriləcəyini bildirib.
R.Babayev İngla International ETC-nin “Study in Uzbekistan”ın Azərbaycandakı rəsmi nümayəndəliyi olduğunu da qeyd edib.
Tədbir zamanı valideynlər və tələbələr xaricdə təhsil üçün yaradılan imkanlara və göstərilən diqqətə görə İngla International ETC-yə təşəkkürlərini bildiriblər. Çıxışlarda gənclərin yeni təhsil mühitinə uyğunlaşması, qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən gəlməsi və gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi üçün onlara verilən dəstəyin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda tələbələrə qəbul məktubları və simvolik hədiyyələr təqdim olunub. Həmçinin onların Özbəkistanda qarşılanması, transferi və yerləşməsi ilə bağlı məsələlərdə İngla International ETC tərəfindən dəstək göstəriləcəyi bildirilib.
Nigar Xəlilli





18:10 28.08.2026
Oxunuş sayı: 59