Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmilərə PUA hücumu – Ukrayna Rusiyanı ittiham edir
Ukrayna Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında, birinin göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu iki gəmiyə PUA hücumundan sonra beynəlxalq tərəfdaşlarını Rusiyaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, kommersiya gəmilərinə hücumu Rusiya Silahlı Qüvvələri həyata keçirib, heyət üzvləri arasında Ukrayna vətəndaşları da olub:
"Rusiyanın Bolqarıstanın ərazi suları yaxınlığında kommersiya gəmilərinə etdiyi və Ukrayna ilə Azərbaycan vətəndaşlarının xəsarət alması ilə nəticələnən sonuncu hücumu Moskvanın mülki insanların həyatına və Qara dənizdə təhlükəsizliyə qəsdən etinasız yanaşdığını bir daha nümayiş etdirir".
Ukraynanın xarici işlər naziri sanksiyaları sərtləşdirməyə, Moskvanı məsuliyyətə cəlb etmək və gəmiçilik azadlığını qorumaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb.
O əlavə edib ki, Qara dəniz qlobal ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan kanaldır.
Qeyd edək ki, Bolqarıstanın Baş naziri Rumen Radev Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatları ilə hücum edildiyini və onlardan birinin batdığını bildirib. Gəmilərdən birinin heyət üzvləri arasında 8 Azərbaycan vətəndaşı olub.
11:00 13.10.2026
Oxunuş sayı: 244