Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans
AMEA-da Fəlsəfə və Sosiologiya İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Bu barədə Crossmedia.az-a AMEA-dan bildirilib. “Sabir Rüstəmxanlı – mütəfəkkir xalq şairi və istiqlal mübarizi” mövzusunda elmi konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq şairin 80 illik yubiley tədbirlərinin onun zəngin yaradıcılığına və ictimai fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Sabir Rüstəmxanlının “Şərəf” ordeni ilə təltif edilməsini şairin milli ədəbiyyatın inkişafına, ictimai fikrin formalaşmasına və Azərbaycanın müstəqillik ideallarının təbliğinə verdiyi töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz ifadəsi olduğunu vurğulayıb. AMEA prezidenti Sabir Rüstəmxanlının “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı”, “Cavad xan” və “Ömür kitabı” kimi əsərlərinin ədəbiyyatımızda mühüm yer tutduğunu deyərək, bu əsərlərin milli tarixə, ana dilinə, xalqın yaddaşına və azadlıq ideallarına bağlılığın bədii ifadəsi olduğunu diqqətə çatdırıb.
Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə çıxış edərək şairin fəlsəfi düşüncə ilə milli-mənəvi dəyərlərin vəhdətini təşkil edən “Ömür kitabı”nı Azərbaycan xalqının tarixi yaddaşını və milli kimliyini əks etdirən nadir əsər kimi səciyyələndirib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında Sabir Rüstəmxanlının dil məsələlərinə münasibətinə toxunaraq, onun Azərbaycan dilinin saflığının qorunması ilə beynəlxalq leksik vahidlərin dilə daxil olması arasında düzgün tarazlığın saxlanılmasını hər zaman müdafiə etdiyini bildirib. Professor Nadir Məmmədli Sabir Rüstəmxanlının türk xalqları arasında inteqrasiya prosesində hər bir xalqın öz dilinin və müstəqil inkişaf yolunun qorunmasına xüsusi önəm verdiyini qeyd edib.
Elmi konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin, dosent Mətanət Şıxıyevanın, professor Salidə Şərifovanın, dosentlər Radif Mustafayev və Faiq Ələkbərlin mövzu üzrə məruzələri dinlənilib.
Sonda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı yubiley tədbirinin təşkilinə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.
Konfrans çərçivəsində professor İlham Tahirovun “Sabir Rüstəmxanlının dilinin tezlik lüğəti” kitabının təqdimatı keçirilib.
16:08 12.10.2026
Oxunuş sayı: 51