Hava limanına kiberhücum oldu - müştərilərin məlumatları ələ keçirildi
Son dövrlərdə iri şirkətlərə və kritik infrastrukturlara qarşı həyata keçirilən kiberhücumlar rəqəmsal təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Böyük Britaniyada üç hava limanını idarə edən Manchester Airports Group-a (MAG) qarşı həyata keçirilən kiberhücum zamanı milyonlarla müştərinin məlumatlarının ələ keçirilməsi də bu baxımdan ciddi narahatlıq yaradıb. Hücum nəticəsində təxminən 8,7 milyon müştərinin məlumatlarının sızdığı bildirilir. Bu cür insidentlər yalnız şirkətlərin fəaliyyətinə deyil, məlumatları ələ keçirilən insanların şəxsi və maliyyə təhlükəsizliyinə də ciddi risk yaradır. Xüsusilə ad, soyad, uçuş tarixi və elektron poçt kimi məlumatların kibercinayətkarların əlinə keçməsi sonrakı mərhələdə hədəfli dələduzluq hallarına yol aça bilər. Ekspertlər hesab edirlər ki, böyük şirkətlərin mürəkkəb təhlükəsizlik sistemlərinə malik olması onların kiberhücumlar qarşısında tam təhlükəsiz olduğu anlamına gəlmir. Bəzən bir əməkdaşın diqqətsizliyi, istifadə olunan proqram təminatındakı boşluq və ya şirkətin əməkdaşlıq etdiyi tərəfdaşlardan birinin zəif müdafiəsi bütün sistemi risk altında qoya bilər. Bəs bu cür hücumlar hansı üsullarla həyata keçirilir və milyonlarla insanın məlumatının sızması hansı təhlükələrə yol aça bilər?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən İKT mütəxəssisi Cəlil Qasımbəyli bildirib ki, kibertəhlükəsizlik sahəsində bu miqyasda insidentin baş verməsi rəqəmsallaşmanın nə dərəcədə sürətlə getdiyini və müdafiə sistemlərinin bu sürətə hər zaman çatmadığını göstərir: "Böyük infrastruktura cavabdeh olan qurumlar üçün bu, çox ciddi xəbərdarlıq siqnalıdır.
Xaricdən belə görünür ki, böyük şirkətlər keçilməz qaladır. Amma təcrübə göstərir ki, hakerlər adətən birbaşa ən güclü divardan yox, ən zəif nöqtədən vururlar. İstənilən mürəkkəb müdafiə sistemini bir əməkdaşın diqqətsizliyi sıfırlaya bilər. Şirkət işçilərinə inandırıcı saxta e-poçtlar göndərməklə daxili sistemə giriş şifrəsini almaq ən çox işləyən üsuldur.
Hava limanı operatoru kimi nəhəng qurumlar yüzlərlə kənar proqram təminatçısı və podratçı ilə çalışdığına görə hakerlər əsas şirkətə girə bilməyəndə, onun xidmət aldığı daha kiçik və müdafiəsi zəif tərəfdaş şirkətin sistemini yararaq daxil olurlar.
Sistemlərdə hələ aşkar edilməmiş və ya vaxtında yenilənməmiş texniki boşluqlardan xüsusi zərərli kodlarla istifadə edilir.
8,7 milyon müştərinin məlumatının ələ keçirilməsi isə çox ciddi problemlər yarada biləcək bir təhlükədir. Məlumat baza şəklində sızdıqda təhlükə tək bir günlə bitmir, uzunmüddətli risk yaradır.
Burada dəqiq hədəflənmiş dələduzluq məsələsi var. Sızan bazada ad, soyad, uçuş tarixi, e-poçt kimi real məlumatlar ələ keçirilmişdir. Dələduzlar zərərçəkənə mesaj yazanda bu real məlumatları qeyd edirlər və istifadəçi də mesajın həqiqətən hava limanından və ya aviaşirkətdən gəldiyinə inanıb kart məlumatlarını verir.
Bu informasiyalar qara bazarda satılır. Oradan əldə edilən şəxslər zərərçəkənlərin adından müxtəlif platformalarda saxta profillər aça və ya maliyyə fırıldaqları edə bilərlər.
Böyük Britaniyanın GDPR, yəni fərdi məlumatların qorunması tələbləri çox sərtdir. Şirkəti nəhəng cərimələr və müştərilərin kütləvi məhkəmə iddiaları gözlədiyini əminliklə qeyd edə bilərəm.
Əslində kibertəhlükəsizlik “bir dəfə proqram yazdıq, bitdi” mövzusu deyil. Böyük infrastruktur idarə edirsənsə, həm texnologiyanı, həm də heyətin təhlükəsizlik mədəniyyətini hər gün yeniləməlisən”.
Zeynəb Həsən
18:45 28.08.2026
Oxunuş sayı: 47