Robotların insanları əvəzləməsi üçün milyardlarla dollar ayrıldı
Cənubi Koreya insanabənzər robotların inkişafı üçün 1,66 milyard dollarlıq sərmayə qoymağa hazırlaşır. Bu addım süni intellekt və robot texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə ölkənin texnoloji rəqabətdə mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir. Cənubi Koreyanın insanabənzər robotlara 1,66 milyard dollar investisiya yatırması gələcəkdə əmək bazarını necə dəyişə bilər?
Mövzu ilə bağlı ekspert Crossmedia.az-a açıqlamasında İKT eksperti Vüsal Məmmədzadə bildirib ki, Cənubi Koreyanın bu addımı sadəcə robot istehsalına yatırım deyil, əslində gələcəyin əmək bazarına hazırlıqdır. Ölkə 2030-cu ilə qədər humanoid robotların inkişafına təxminən 1,66 milyard dollar ayırmağı planlaşdırır. Məqsədlərdən biri müxtəlif sənaye sahələri üçün humanoid robotların kütləvi istehsalını qurmaqdır: “İlk böyük dəyişiklikləri zavodlarda, logistika və istehsalat sahələrində görə bilərik. Təkrarlanan, ağır və insan üçün təhlükəli işlərin bir hissəsini robotlar üzərinə götürəcək. Məsələn, yükdaşıma, çeşidləmə, istehsal xəttində müəyyən əməliyyatlar və gecə növbələrində görülən rutin işlər tədricən avtomatlaşdırıla bilər. Bu, insanların birdən-birə işsiz qalacağı demək deyil. Daha çox işlərin xarakteri dəyişəcək. Bəzi sadə və fiziki işlərə ehtiyac azalacaq, amma robotların proqramlaşdırılması, idarə olunması, texniki xidməti, təmiri və təhlükəsizliyi ilə bağlı yeni peşələr yaranacaq. Məsələn, əvvəllər zavodda müəyyən işi 10 nəfər görürdüsə, gələcəkdə həmin işi bir neçə humanoid robot görə bilər. İnsanların bir hissəsi isə bu robotları idarə edən və onlara nəzarət edən mütəxəssislərə çevrilə bilər. Yəni işçi tədricən icraçıdan operator və nəzarətçiyə çevriləcək. Cənubi Koreya üçün bunun başqa bir üstünlüyü də var. Ölkədə əhali yaşlanır və gələcəkdə bəzi sahələrdə işçi çatışmazlığı yarana bilər. Robotlar xüsusilə ağır, monoton və təhlükəli işlərdə bu boşluğu qismən doldura bilər”.

V.Məmmədzadə qeyd edib ki, müəyyən risklər də var: “Xüsusilə aşağı ixtisas tələb edən və təkrarlanan işlərdə çalışan insanlar üçün iş yerlərinin azalması mümkündür. Buna görə dövlətin robot texnologiyalarına investisiya ilə yanaşı, insanların yeni peşələrə hazırlanmasına və yenidən ixtisaslaşmasına da yatırım etməsi vacib olacaq. Ən böyük dəyişiklik isə insanların hansı bacarıqlara ehtiyac duymasında olacaq. Fiziki və rutin işi görməkdən daha çox, texnologiya ilə işləməyi bacarmaq önəm qazanacaq”.
Zərnigar Hüseynli
14:30 27.08.2026
Oxunuş sayı: 47