Telefon gizli təhlükəyə çevrilə bilər
Telefonların gecə saatlarında yataqdan uzaqda saxlanılıb-saxlanılmaması son dövrlərdə tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə yatmazdan əvvəl uzun müddət telefondan istifadə edənlərdə yuxu rejiminin pozulması, səhər yorğunluğu və diqqət zəifliyi kimi hallar müşahidə oluna bilər. Bununla yanaşı, telefonun yastığın altında və ya yorğanın içində şarj edilməsi də ayrıca təhlükə yaradır.
Terapevt Zakir Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, telefonla yatmaq özü ciddi sağlamlıq təhlükəsi hesab edilmir, lakin cihazın istifadəsi və yerləşdirilməsi müəyyən risklər yarada bilər:
“Telefonla yatmaq ciddi sağlamlıq təhlükəsi hesab edilmir, çünki mövcud elmi məlumatlar telefonun radiofrekans şüalanmasının normal istifadə səviyyəsində insan sağlamlığına zərər verdiyini təsdiqləmir. Lakin telefonun bildiriş və vibrasiyaları yuxunu poza bilər. Cihazın yastığın altında və ya yorğanın içində şarj edilməsi isə həddindən artıq qızma və yanğın riski yaradır. Buna görə telefonu yataqdan bir qədər uzaqda, sərt və açıq səth üzərində saxlamaq daha təhlükəsizdir.

Yatmazdan əvvəl telefondan istifadə yuxuya getməyi gecikdirə, ümumi yuxu müddətini azalda və yuxunun keyfiyyətini pisləşdirə bilər. Ekranın işığı melatonin hormonunun ifrazını azaldaraq bioloji saatı gecikdirə bilər. Sosial media, videolar, oyunlar və xəbərlər də beyni oyaq saxlayır, telefonla uzun müddət məşğul olmaq isə yatma vaxtının fərqinə varmadan gecikməsinə səbəb olur. Nəticədə səhər yorğunluğu, gündüz yuxululuğu və diqqət zəifliyi yarana bilər. Buna görə yatmazdan ən azı 30–60 dəqiqə əvvəl telefonu kənara qoymaq, bildirişləri söndürmək və cihazı yataqdan uzaqda saxlamaq məsləhətdir”.
Zeynəb Həsən
10:30 28.08.2026
Oxunuş sayı: 52