Futbolda qalib gəlmək üçün bəxt olmalıdır
Azərbaycan futbolunda “Sabah”ın son dövrdəki yüksəlişi diqqət çəkən məqamlardan biridir. Komanda 2025/26 mövsümündə Azərbaycan Premyer Liqasının çempionu olub və bu mövsüm həm daxili çempionatda, həm də UEFA Çempionlar Liqasında mübarizə aparır. Sıx oyun qrafiki, heyətin rotasiyası və futbolçuların oyun praktikasını qoruması isə “Sabah”ın mövsüm ərzində nəticələrinə təsir edə biləcək əsas amillər sırasındadır. Bəs “Sabah” çempionluq titulunu qoruya biləcəkmi? Komandanın həm Çempionlar Liqasında, həm də daxili çempionatda mübarizə aparması onun çempionluq şanslarına necə təsir edəcək?
Mövzu ilə bağlı idman eksperti Aslan Kərimov Crossmedia.az-a açıqlamasında bildirib ki, hər hansı komandanın çempion olub-olmayacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir. Onun sözlərinə görə, nəticəyə yalnız komandanın hazırlığı deyil, bəxt amili də təsir göstərə bilər:
“İstənilən halda hər hansı komandanın çempion olub-olmaması, dünya çempionu və ya Çempionlar Liqasının qalibi olub -olmaması təkcə yaxşı hazırlıqdan irəli gəlmir. Burada bir qədər bəxt faktoru da var. Eyni səviyyədə oynayan iki komanda bəzən bir-birinə qalib gəlir, növbəti oyunda isə nəticə əksinə olur. Bu baxımdan bu il çempion olacaqlar, yoxsa olmayacaqlar, bunu demək mənim üçün çətindir”.
A.Kərimov qeyd edib ki, yalnız mülahizə üzərindən yanaşsaq, “Sabah”ın 2025/26 mövsümündə göstərdiyi performans möhtəşəm idi: “Komanda göstərdiyi performansa görə haqlı olaraq Azərbaycan çempionu oldu və Çempionlar Liqasının liqa mərhələsində iştirak edir. Belə kollektivlə “Sabah”ın yenə çempion ola biləcəyinə əminəm. Amma burada məsələni bir qədər çətinləşdirən amillər var. Çempionlar Liqasının liqa mərhələsində iştirak edərkən paralel olaraq daxili çempionatda, bunun üzərinə isə kubok oyunlarında çıxış edirsənsə, işin bir qədər çətinləşir. Məsələn, bunu ötən il “Qarabağ”ın timsalında gördük. Çempionlar Liqasında oynayarkən iki eyni səviyyəli heyət saxlamaq çox çətindir. “Sabah”ın prinsip etibarilə yaxşı iki heyəti var. Amma məsələ ondadır ki, bir heyət Çempionlar Liqasında, məsələn, çərşənbə günü oynayırsa, bir neçə gün sonra Azərbaycan çempionatının oyununa çıxmalıdır. Təbii ki, Çempionlar Liqasında oynayan futbolçuların hamısı növbəti oyunda tam heyətlə meydana çıxmayacaq. Çünki ardıcıl olaraq bu qədər çətin oyun keçirmək asan məsələ deyil və burada zədə riski də var. Ona görə məşqçilər belə oyunlarda adətən rotasiyaya gedirlər. Təsəvvür edin ki, bir futbolçu mütəmadi olaraq Çempionlar Liqasında oynayır, digəri isə ehtiyatda qalır. Ehtiyatda qalan futbolçunu formada saxlamaq çox çətindir. Məşqlərlə bunu tam əvəzləmək mümkün olmur. Oyun stresini və gərginliyini məşqdə tam şəkildə yaşamaq mümkün deyil. Bu baxımdan futbolçularda bəzən oyun çatışmazlığı, oyun praktikası problemi yaranır və bu da nəticədə onların oyununa təsir edir. “Sabah”ın əlbəttə ki, çempion olmaq şansı var. Bu mümkündür. Amma sözün düzü, əvvəlki illərdə “Qarabağ”ın şanslarını daha yüksək qiymətləndirərdim. “Sabah”ın çempion olduğu dövrdə də mənə elə gəlirdi ki, “Qarabağ” bir qədər öndədir və çempion olmağa daha yaxındır. Amma “Sabah” çempion olmağı bacardı. Bu çempionatda isə kiminsə daha öndə olduğunu demək mənim üçün çətindir. Hesab edirəm ki, xüsusilə iki komandanı götürsək, bu mövsüm çempionluq uğrunda “Qarabağ” və “Sabah” gərgin mübarizə aparacaqlar. “Neftçi” isə hələ tam hazır görünmür. Düzdür, çempionatda yaxşı performans göstərirlər, amma “Neftçi”nin çempion olmaq şanslarını bu iki komanda ilə müqayisədə nisbətən aşağı görürəm. “Sabah”la “Qarabağ”ı müqayisə etmək və yaxud “Sabah”ın və ya “Qarabağ”ın çempion olacağını indidən iddia etməkdə ehtiyatlı olardım. Mənə görə, hər iki komandanın şansı bərabərdir. Bəlkə də “Qarabağ” bir qədər daha avantajlı görünəcək. Çünki “Sabah” üçün iki çempionatda paralel mübarizə aparmaq ağır ola bilər. Hər iki turnirdə iştirak edərkən iki heyətlə oynamaq və daxili çempionatdakı oyunları keçirmək çətin olacaq. Amma “Sabah” tam heyətlə qala bilsəydi, məncə, heyət baxımından, xüsusilə Çempionlar Liqasının liqa mərhələsində oynayan futbolçuları ilə “Qarabağ”a qalib gələ bilərdi. Amma hazırkı vəziyyətdə bu məsələ bir qədər fərqlidir. Uzun sözün qısası, bu çempionatda “Sabah”ın çempion olacağını qəti deməyə ehtiyat edərdim. Çempionluq uğrunda ən azı iki namizədin – “Qarabağ” və “Sabah”ın şanslarını bərabər qiymətləndirirəm. Onların çempion olub-olmayacağı isə bir çox amildən və xırda detallardan asılı olacaq”.
Zərnigar Hüseynli
19:00 28.08.2026
Oxunuş sayı: 46