İnsanlar artıq bu səbəbdən sosial şəbəkələrdə paylaşım etmir
İnsanların sosial mediada şəxsi həyatlarına dair paylaşım davranışları son illərdə dəyişməyə başlayıb. Xüsusilə gənclərin gündəlik həyatlarını, münasibətlərini və şəxsi məqamlarını əvvəlki qədər geniş şəkildə nümayiş etdirməməsi diqqət çəkir. Mütəxəssislər bu tendensiyanın sosial mediadan daha şüurlu istifadə, ictimai reaksiyalardan çəkinmə və şəxsi məlumatların qorunmasına artan diqqətlə əlaqəli olduğunu bildirirlər.
Sosioloq Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, insanların sosial mediada şəxsi həyatları ilə bağlı paylaşım meylləri platformadan və fərdin sosial statusundan asılı olaraq dəyişir:
“Ümumiyyətlə, insanların sosial mediada öz şəxsi həyatları ilə bağlı paylaşım meylləri demək olmaz ki, azdır. Bu, platformadan asılı olaraq dəyişir, həmçinin fərdin və şəxsin sosial statusundan asılı olaraq da fərqlənir. Məsələn, bəzi mədəniyyət və ya musiqi sahəsində olan insanlar bu paylaşımları daha çox edirlər. Bəzi xidmət sferasında çalışan insanlar da bunu daha çox edirlər. Ancaq şəxsi həyatın bir qədər az paylaşılmasının səbəblərindən biri bundan ibarətdir ki, insanlar yavaş-yavaş başa düşürlər ki, şəxsi həyatın paylaşılması müəyyən dərəcədə bəzən insanın özü haqqında müsbət və ya mənfi rəylərin səslənməsinə, nəticədə isə onun mövcud xoş əhval-ruhiyyəsinin bir qədər pozulmasına gətirib çıxara bilir. Bəzən bu səbəbdən insanlar bunu etmirlər.İkinci bir tərəfdən, bu, insanların sosial mediaya münasibətindən ziyadə, sosial mediadan daha səmərəli istifadə etmələri ilə bağlı maariflənmə səviyyələrinin artdığını göstərir. Üçüncü bir tərəfdən isə hiss olunan hal ondan ibarətdir ki, insanlar sosial mediada şəxsi həyatlarının paylaşılmasının indiki situasiyada, indiki dövrdə və dünyada gedən paylaşımlarla müqayisədə çox zaman istehza ilə qarşılanmasını da görürlər. Ona görə də insanların yavaş-yavaş bundan qaçmağa başladıqları müşahidə olunur. Xüsusən də indiki gənclik, indiki böyüyən nəsil öz şəxsi həyatlarını demək olar ki, daha az paylaşırlar və ya heç paylaşmırlar".

Sosioloq bütün bunları bir araya gətirdikdə bir şey demək olduğunu qeyd edib: "İnsanlar sosial mediadan daha səmərəli istifadə etməyə artıq yavaş-yavaş alışırlar. Süni intellektə olan marağın artması da insanları bu sahədə müəyyən dərəcədə maarifləndirir. Müşahidə olunan digər bir hal isə insanların şəxsi həyatlarını deyil, daha çox sosial fəaliyyətlərini və sosial platformalarını paylaşmaqda həvəsli görünmələridir. Bu da yaxşı haldır ki, şəxsi həyatın yalnız şəxsə məxsus olan tərəfləri var və insanlar artıq xeyli dərəcədə maariflənərək bunu dərk edirlər”.
Zeynəb Həsən
18:35 27.08.2026
Oxunuş sayı: 55