Braziliya "Bayraktar TB3" almaq istəyir
Braziliyanın Türkiyədən "Bayraktar TB3" pilotsuz uçuş aparatları (PUA) almaq istədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Braziliyanın müdafiə sənayesi üzrə nəşri "TecnoDefesa" məlumat yayıb. Nəşrin məlumatına görə, "Bayraktar TB3" Braziliya Hərbi Dəniz Qüvvələrinin gələcək dəniz hücumu konsepsiyası üçün potensial variantlardan biri kimi nəzərdən keçirilir.
Bildirilib ki, "Bayraktar TB3"nin Braziliyanın "NAM Atlântico" çoxməqsədli gəmisindən istifadə olunması ölkənin geniş dəniz ərazilərinin müşahidəsi və mühafizəsi baxımından imkanları artıra bilər. Sistem kəşfiyyat, müşahidə, hədəf aşkarlanması və elektron müharibə kimi tapşırıqlarda istifadə oluna bilər.
Məlumata görə, Braziliyanın "Mavi Amazon" adlandırdığı 5,7 milyon kvadratkilometrdən çox dəniz ərazisinin qorunması ölkə üçün xüsusi əhəmiyyət daşıyır. "TecnoDefesa" bu baxımdan uzun müddət havada qala bilən pilotsuz sistemlərin Braziliya Hərbi Dəniz Qüvvələri üçün əhəmiyyətli üstünlüklər yarada biləcəyini qeyd edib.
Nəşr həmçinin Braziliyanın hazırda istifadə etdiyi "A-4 Skyhawk" təyyarələrinin 2030-cu ilə qədər istismardan çıxarılmasının gözlənildiyini və bunun dəniz hücumu imkanlarında boşluq yarada biləcəyini bildirib. Bu boşluğun "Bayraktar TB3" kimi sistemlərlə qismən kompensasiya edilə biləcəyi vurğulanıb.
16:38 26.08.2026
Oxunuş sayı: 39