Ermənistanın yeni Konstitusiya planı: Bakı ilə sülh yolunda əsas maneə aradan qalxır
Ermənistanın yeni Konstitusiya layihəsi ölkənin Azərbaycanla münasibətlərində və regiondakı gələcək mövqeyində mühüm dəyişikliklər yarada bilər. Layihədə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların yer almaması sülh prosesinin əsas şərtlərindən birinin reallaşması baxımından əhəmiyyətli hesab olunur. Hazırkı Konstitusiyanın preambulasında 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərara istinad edilməsi Bakının narazılığına səbəb olan məqamlardan biridir. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün Ermənistanın hüquqi sənədlərində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb edir. Ermənistan hakimiyyətinin yeni Konstitusiya qəbul etmək istiqamətində addım atması bu baxımdan diqqət çəkir. Layihənin Ermənistan cəmiyyəti tərəfindən dəstəklənməsi və referendumdan keçməsi sülh prosesinin gələcəyi baxımından mühüm mərhələ ola bilər. Bununla yanaşı, yeni Konstitusiya məsələsi yalnız Azərbaycanla münasibətlər deyil, Ermənistanın regional siyasəti və geosiyasi istiqaməti baxımından da qiymətləndirilir.
Crossmedia.az-a açıqlamasında politoloq Zaur İbrahimli bildirib ki, Ermənistanın cəmiyyətə təqdim olunacaq yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad olunmaması ölkələr arasında sülh müqaviləsinin imzalanması ilə bağlı əsas maneəni aradan qaldıra bilər: “Ermənistanın mövcud Konstitusiyasının preambulasında, yəni giriş hissəsində 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərara istinad olunur. Bu sənəd Azərbaycanın Qarabağ bölgəsinə qarşı açıq ərazi iddiasını nəzərdə tutur. Rəsmi Bakı bəyan edir ki, sülh sazişinin imzalanması üçün Ermənistanın öz Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar tamamilə aradan qaldırılmalıdır. Bu, iki yolla həyata keçirilə bilərdi: ya Ermənistanın mövcud Konstitusiyasına dəyişikliklər edilməli, yaxud tamamilə yeni Konstitusiya qəbul olunmalı və bu Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalara yer verilməməlidir. Paşinyan iqtidarı ikinci yolu seçib. Əgər Ermənistan cəmiyyəti də bu yeni Konstitusiyanı dəstəkləsə və bu iddialar çıxarılsa, onda sülh sazişinə gedən yol tamamilə açılmış olar".

Politoloq qeyd edib ki, Paşinyan komandasının bu təşəbbüsü, əlbəttə, sülh gündəliyini daha da möhkəmləndirir və eyni zamanda Ermənistan iqtidarının revanşistlərə qarşı ən tutarlı cavablarından biri hesab oluna bilər: "Əlbəttə, Konstitusiya layihəsini hazırlamaq və onu cəmiyyətə təqdim etmək işin bir tərəfidir. İşin digər tərəfi isə bu istiqamətdə ciddi təşviqat və təbliğat aparmaq, yeni Konstitusiyanın dəstəklənməsinə nail olmaq və referendumdan keçməsini təmin etməkdir. Gözləntilərimiz ondan ibarətdir ki, Paşinyan iqtidarı bu istiqamətdə də ciddi addımlar atacaq və Ermənistan cəmiyyətində davamlı təbliğat və təşviqat fəaliyyəti həyata keçirəcək. Həmçinin nəzərə almaq lazımdır ki, hazırda Paşinyan komandasının əsas tapşırıqlarından biri Türkiyə ilə quru sərhədlərinin açılması və ticarətin bərpa olunmasıdır. Bu isə yalnız Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra geniş miqyasda baş tuta bilər. Yeni Konstitusiyanın qəbulu Ermənistanın nəqliyyat blokadasından daha geniş mənada çıxmasına şərait yarada bilər. Ermənistan TRACECA dəhlizindən də istifadə etdikdən sonra regional tranzit layihələrində iştirak edə bilər. Bu dəyişiklik yalnız Ermənistan Konstitusiyasının dəyişdirilməsi deyil, həm də Ermənistanın siyasi formatının və geosiyasi koordinatlarının dəyişməsidir. Bu dəyişikliklər Ermənistanı vassal dövlətdən real olaraq müstəqil dövlətə doğru aparmaq potensialına malikdir. Bu baxımdan Ermənistan cəmiyyəti tarixi qərar qəbul etməlidir: doğrudanmı vassal dövlət formatında qalmaq istəyir, yoxsa real olaraq müstəqil dövlət qurmaq niyyətindədir? Bu məsələyə yalnız Azərbaycanla münasibətlər kontekstində baxmaq dar mənada yanaşma olardı. Geniş mənada isə bu, Ermənistan dövlətinin yenidən təşkili və onun xarici siyasət orientirlərinin tarixi dəyişməsidir. Gözləntimiz ondan ibarətdir ki, Ermənistan cəmiyyəti bu məsələyə daha geniş kontekstdə baxacaq, regiondakı öz yerinə və roluna yenidən nəzər salacaq və regionu ayıran yox, birləşdirən, regional inteqrasiyanı dəstəkləyən və vahid nəqliyyat-logistika məkanının formalaşmasına xidmət edən qərarlar qəbul edəcək”.
Zeynəb Həsən
10:00 26.08.2026
Oxunuş sayı: 63