BMT-dən “qatil robotlar”la bağlı çağırış
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsi avtonom silah sistemlərinə, başqa sözlə, “qatil robotlar”a qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı birgə çağırışını yeniləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Cenevrədə çərşənbə axşamı yayılan birgə bəyanatda iki təşkilat avtonom silah sistemləri ilə bağlı risklərin artdığını və məsələ ilə bağlı təcili tədbirlərə ehtiyac olduğunu vurğulayıb.
Təşkilatların çağırışı bütün avtonom silahların tamamilə qadağan edilməsini nəzərdə tutmur. Bunun əvəzinə, insan müdaxiləsi olmadan hədəfləri müəyyənləşdirə və onlara qarşı güc tətbiq edə bilən sistemlərin istifadəsinə müəyyən qadağa və məhdudiyyətlərin qoyulması təklif edilir.
BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi bildiriblər ki, bu cür silah sistemlərinin hazırlanması istiqamətində işlər davam edir. Təşkilatlar xüsusilə döyüş meydanında istifadəyə başlanmazdan əvvəl mülki əhalinin qorunması üçün beynəlxalq qaydaların müəyyənləşdirilməsinin vacibliyini qeyd ediblər.
Bəyanat üç il əvvəl edilən ilkin çağırışın davamı olmaqla yanaşı, illərdir davam edən beynəlxalq müzakirələr fonunda hazırlanıb.
Təşkilatlar avtonom silahların hazırda döyüş əməliyyatlarında istifadə edildiyini təsdiqləyən məlumatlara malik olmadıqlarını da bildiriblər. Bununla belə, texnologiyanın sürətlə inkişaf etməsinin potensial humanitar və hüquqi riskləri daha da artırdığı vurğulanıb.
04:30 26.08.2026
Oxunuş sayı: 42