Dənizkənarı Bulvar İdarəsi mənfəətini 15 %-dən çox artırıb
Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2025-ci ili 3,704 milyon manat mənfəətlə başa vurub.
Crossmedia.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15,4% çoxdur.
Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 7,798 milyon manat (əvvəlki ilə nisbətən 36,45 % çox), sair əməliyyat gəlirləri 20,088 milyon manat (18,9 % çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 1,883 milyon manat (2,3 dəfə çox), işçi heyəti üzrə xərcləri 16,205 milyon manat (15,4 % çox), amortizasiya xərcləri 2,975 milyon manat (2,1 dəfə çox), digər əməliyyat xərcləri 3,068 milyon manat (1,5 % çox), sair əməliyyat xərcləri 23 min manat (25,3 % az), mənfəət vergisi ödəmələri 27 min manat (30,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 206,319 milyon manat olub ki, bu da illik müqayisədə 4 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 50,2 % azalaraq 12,099 milyon manata düşüb, balans kapitalı isə 1,9 % artaraq 194,22 milyon manata çatıb.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə indiyə qədər Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs olub, Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla QSC-yə çevrilib.
09:34 26.08.2026
Oxunuş sayı: 48