Fransada marketlərə kiberhücum: milyonlarla avroluq ərzaq məhv edildi
Fransada yüzlərlə marketin soyutma sisteminə edilən kiberhücum nəticəsində böyük həcmdə ərzaq məhsulu yararsız hala düşüb. Hakerlərin soyuducuların temperaturunu uzaqdan dəyişdirməsi səbəbindən soyuq zəncir pozulub və məhsulların bir hissəsi məhv edilib. Ölkə üzrə ümumi zərərin milyonlarla avroya çata biləcəyi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Məlumata görə, “Intermarché”, “Netto” və “Coopérative U” market şəbəkələrinə məxsus yüzlərlə mağazanın istifadə etdiyi soyutma sistemləri kiberhücuma məruz qalıb. Hakerlər sistemə daxil olaraq soyuducuların temperatur göstəricilərini məsafədən dəyişiblər.
Nəticədə mağazalardakı təzə və dondurulmuş qida məhsullarının saxlanma şəraiti pozulub. Soyuq zəncirin qorunmadığı məhsulların istehlak üçün təhlükəsizliyi şübhə altına düşdüyündən onlar məhv edilib.
Fransanın Elzas bölgəsində yerləşən cəmi iki marketdə maddi zərərin 270 min avroya çatdığı bildirilir.
Ölkə üzrə ümumi itkilərlə bağlı hələlik rəsmi rəqəmlər açıqlanmayıb. Bununla belə, məhv edilən məhsulların dəyərinin bir neçə milyon avroya çata biləcəyi ehtimal edilir.
21:38 12.10.2026
Oxunuş sayı: 56